Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1820/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin iş üzrə digər sənədlər xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda 11 iyun 2025-ci il tarixində ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin “Dürümçü dayı” iaşə obyektinin fəaliyyəti xüsusi texniki vasitə ilə ölçülməsi zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu və qaz-toz təmizləyici qurğunun olmadığı faktı qeyd olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir. 16 may 2025-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına, həmçinin X1 Xidmətinin, X4 Monitorinq İdarəsinin elektron poçt ünvanına Ələsgərov Natiq tərəfindən daxil olmuş şikayət əsasında Molakan bağı ətrafında, Book Centerlə üzbəüz yerləşən “Dürümçü dayı“ adlı iaşə obyektindən ətraf mühitə atılan tullantılarla bağlı X4 Monitorinq İdarəsinin əməkdaşlarının və iaşə obyektinin təsisçisinin iştirakı ilə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı şikayətçinin iştirakını təmin etmək məqsədilə şikayət edən şəxslə əlaqə saxlaya bilməmişdirlər. Zəng etdikləri zaman xarici ölkədə olduğu və yoxlanışda iştirak edə bilməyəcəyini dediyini qeyd etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsissləri tərəfindən orada ətraf mühitin monitorinqi aparılmışdır, onlar tərəfindən ölçmə işləri aparılarkən atmosferə atılan zərərli maddələrin norma həddindən artıq olması müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, manqaldan istifadə edilir və istifadə zamanı atmosferə atılan zərərli maddələrin qarşısını almaq üçün olan qaz-toz təmizləyici qurğudan istifadə edilmir. Həmin qaz-toz təmizləyici qurğuların istifadəsilə bağlı İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində tələblər göstərilib. X4 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ölçmə analiz işləri aparılmış bu zaman dəm qazının miqdarının normadan artıq olduğu müəyyən edilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur və hüquqi şəxs qismində inzibati araşdırmada iştirakla bağlı Şəxs MMC-ə rəsmi dəvət məktubu göndərilmişdir. Monitorinq Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılmış və daha sonra hüquqi şəxs və vəzifəli şəxs qismində barəsində müvafiq protokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, yoxlama vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə ki, onlar daxil olan şikayətlə bağlı adətən çıxarış almırlar. Çıxarışı o zaman alınır ki, ətraf mühitə atılan zərərli maddələrlə bağlı xüsusi icazə sənədləri yoxlanılır, bu zaman ölçmə işləri aparıb tədbir görürlər. Orqanın əməkdaşları şikayət əsasında binaya daxil olurlar. Nümayəndə eyni zamanda qeyd etmişdir ki, plandan kənar yoxlanışda hər hansı bir qərar alınmır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, şikayət edən şəxsi tanımır, həmin şəxs onun direktoru olduğu iaşə obyektinin yerləşdiyi küçədə yaşamır. Yoxlanışı 3 nəfər şəxs gələrək həyata keçirmişdir. Həmin vaxt barəsində protokol tərtib olunan hüquqi şəxsin təsisçi direktoru Nümayəndə2 da iştirak etmişdir. Eyni zamanda müvafiq orqan tərəfindən şikayətlə bağlı göndərilən bildirişin gecikdiyini də qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 13 iyun 2025-ci il tarixli, 92939 nömrəli akta əsasən, 11-13 iyun 2025-ci il tarixində Səbail rayonu, Azərbaycan döngəsi m 1/3 ünvaında yerləşən “Dürümcü dayı” iaşə obyektində (Şəxs MMC VÖEN: ********** )Nazirliyin elektron poçt ünvanına Natiq Ələsgərov tərəfindən (natik.aleskerov”@mail.ru) Səbail rayonu Malakan bağı Book Centre ilə üzbəüz olan “Dürümcü dayı” adlanan iaşə obyektində manqaldan çıxan tüstünün normadan qat-qat artıq olduğu,araşdırma aparılaraq tədbir görülməsi barədə daxil olmuş və araşdırılması məqsədilə idarəyə ünvanlanmış müraciət məktubu X5 Monitorinq İdarəsinin mütəxəssislərinin və “Dürümcü dayı” (Şəxs MMC) iaşə obyektinin istifadəçisi Nümayəndə2 və iaşə obyektinin əməkdaşı kimi özünü təqdim edən X2 iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmada şikayətçi Natiq Ələsgərovun iştirakını təmin etmək məqsədilə müraciət məktubunda qeyd olunan telefon nömrəsilə əlaqə saxlanılan zaman(tel: ***-***-**-**) vətəndaş xarici ölkədə olduğu üçün iştirak edə bilməyəcəyini qeyd etdi. Monitorinq zamanı Nümayəndə2 iştirakı ilə iaşə obyektinin mətbəxinə keçirilən baxış zamanı iaşə obyektində manqaldan istifadə edildiyi müəyyən olunsa da, atmosferə atılan zərərli qaz qarışıqlarının qarşısının alınması məqsədilə təmizləyici qurğunun olmadığı aşkar olunmuşdur. Araşdırma zamanı Nümayəndə2iaşə obyektində atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədilə təmizləyici qurğunun olmadığını öz yazılı izahatında təsdiqləmişdir. X5 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən və iaşə obyektinin əməkdaşı X2 iştirakı ilə atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının müəyyənləşdirilməsi məqsədilə ölçmə-analiz işləri aparılmış, aparılan ölçmə analiz işləri zamanı atmosferə atılan zərərli qaz qarışığı miqdarının atmosfer mühiti üçün yol verilə bilən həddən artıq olduğu müəyyən olunmuşdur. Bununla da aşkar olunmuş faktla əlaqədar “Ətraf mühitin mühafizəsi haqqında” AR qanununun 31, 32-ci maddələrinin “Atmosfer havasının mühafizəsi haqqında” AR Qanununun 14.7-ci maddəsinin tələblərinin pozulduğu, müəyyən edilmiş, araşdırma müddətində çəkilən fotoşəkillər, akta əlavə edilmişdir. İş materiallarında olan 11 iyun 2025-ci il tarixli, 003304 nömrəli aktda əsasən,11 iyun 2025-ci il tarixində Səbail rayonu, Azərbaycan döngəsi m 1/3 ünvaında yerləşən “Dürümcü dayı” iaşə obyektində Ekologiya və Təbii sərvətlər Nazirliyinin elektron poçt ünvanına daxil olan xx.xx.2025-ci il tarixli 3-14/1-Ə-991/2025 nömrəli məktubun icrası ilə əlaqədar ünvan 6 ünvanında fəaliyyət göstərən “Dürümcü dayı” iaşə obyektinin ətraf ərazisində X5 Monitorinq İdarəsinin baş mühəndisi Rüstəm Əskərov, aparıcı mühəndis Natiq Rəsulov, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə1 iaşə obyektinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə sabit hava şəraitində saat 19:30-dan 20-30a dək ekoloji monitorimq keçirilmiş, monitorinq zamanı məlum olmuşdur ki, “Dürümcü dayı” iaşə obyektində manqaldan istifadə olunsa da qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmamış, ölçmə analiz işləri iaşə obyekti fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 3-5 metr məsafədə anket 64M3-03 səyyar cihaz vasitəsilə aparılmış, ölçmənin nəticəsinə görə CO2 ( dəm qazı)-6,9 mq/m3(norma 5,0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Aktda şikayətçi Natiq Ələsgərov (tel: 055 847 66 51) ilə telefon əlaqəsi saxlanılsa da xarici ölkədə olası ilə əlaqədar iştirak etmədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, 11 iyun 2025-ci il tarixli, 003304 nömrəli aktda əraziyə keçirilən baxış zamanı ərazidə tüstü müşahidə olunması faktı inkar olunur. İş materiallarında olan 16 may 2025-ci il tarixli mailto:info@eco.gov.azElektron ünvan 1 elektron poçt ünvanınamailto:natik_aleskerov@mail.ruElektron ünvan 2 ünvanından daxil olmuş müraciətdə qeyd edilmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Malakan Bağı, Book centre ilə üzbəüz olan “Dürümcü dayı” adlanan obyektdə manqal üzərində hazırlanan məhsullar üzrə manqaldan çıxan tüstü xüsusi avadanıqlar ilə təchiz edilməmiş, manqaldan çıxan tüstü norma daxilindən qat-qat artıqdır bu da öz növbəsində ekoloji pozuntulara gətirib çıxarır. Manqaldan çıxan tüstü qanunun tələblərinə uyğun olaraq xüsusi ölçmə cihazları ilə ölçü işləri aparılan zaman nə qədər təbiətimizə ziyan vurulduğu müəyyən ediləcəkdir. Eyni zamanda həmin obyektdə yanğından mühafizə qaydalarına riayət edilmir. Belə ki, yanğından mühafizə qaydalarına uyğun olaraq iaşə obyektinin mütləq şəkildə əlavə giriş qapısı olmalı, yanğın baş verən zaman ehtiyyat çıxış qapısının mövcud olmaması ciddi fəsadlar törədə biləcək hamıya məlum olan haldır, manqaldan çıxan baca yanğından təhlükəlidir, normativlərə ziddir,həmçinin obyektdə digər yanğından mühafizə qaydalarına əməl edilməməsi yoxlama zamanı müəyyən ediləcəkdir. Həmin iaşə obyektinin əlaqə nömrəsi ***-***-**-** , rəsmi instagram səhifəsi : durumcu.dayi-dır. Xahiş edirəm ki, yuxarıda göstərilən ünvanda yerləşən iaşə obyektində səlahiyyətləriniz çərçivəsində müvafiq araşdırmalar aparılaraq qanuni tədbirlərin görülməsinə dair göstəriş verəsiniz.” Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 01-dək dayandırılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Məhkəmə qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 11 iyun 2025-ci il tarixli, 003304 nömrəli aktda monitorniqin Nazirliyin elektron poçt ünvanına daxil olan xx.xx.2025-ci il tarixli məktubun icrası ilə əlaqədar keçirildiyi qeyd edilmiş, məhkəmə araşdırılması zamanı həmin monitorniqin yalnız Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən aparıldığı qeyd olunmuş və müvafiq icra hakimiyyəti orqanından çıxarış alınmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi şifahi qaydada həmin sərəncamın ərazidə ümumi yoxlanışların həyata keçirilməsi ilə bağlı olduğunu, həmin sərəncamda konkret olaraq Şəxs MMC-nin “Dürümçü dayı” iaşə obyektində monitorinq aparılmasının nəzərdə tutulmadığını yalnız vətəndaş müraciəti əsasında monitorniqin aparıldığı bildirmişdir. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin “Dürümçü dayı” iaşə obyektində aparılan plansız (nönbədənkənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materiallarına əlavə edilmiş monitorinq aktının heç bir sübuti qüvvəsi ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, həm barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, həmdə protokolu tərtib edən orqanın nümayəndəsinin izahatlarından aydın olur ki, yoxlamanın əsasını təşkil edən şikayətdə müraciət edən şəxsin kimliyi barədə aradan qaldırılması mümkün olmayan şübhələr vardır, beləki, 16 may 2025-ci il tarixdə mailto:info@eco.gov.azElektron ünvan 1 elektron poçt ünvanınamailto:natik_aleskerov@mail.ruElektron ünvan 2 ünavanından daxil olmuş müraciətdə müraciət edən şəxsin kim olması ətraflı araşdırılmamış, orqan tərəfindən yoxlama aparılarkən şikayət edən şəxsin iştirakı təmin edilə bilməmişdir. Qeyd edilən hal isə müraciətin əsaslılığına şübhələr yaradır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki iş üzrə hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinin tələblərinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə təqsirliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(009)-1820/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1820/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver