Məhkəmə qərarları › İş №3(009)-1821/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1821/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1821/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəzifəli şəxsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, obyektdə planlı yanğın texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama keçirilməsinə şərait yaradılmamışdır. Bununla da, Şəxs MMC-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasına gələ bilməyəcəyi barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə ilkin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Xidmətinin 2-ci Ərazi X1 İdarəsinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs MMC-nin vəzifəli şəxsi Nümayəndə2 tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş yoxlama prosesinə mane törədilmiş, yoxlamaya şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə2 özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, X1 Xidmətinin 2-ci Ərazi X1 İdarəsinin nümayəndəsinin izahatda və inzibati xəta haqqında protokolda qeyd etdikləri həqiqəti əks etdirmir, o yoxlama keçirilməsinə hər hansı formada mane yaratmamışdır. Bununla əlaqədar lazım gələrsə xidməti otağında olan videogörüntünü də məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Belə ki, o, izahatında iyul ayının əvvəlində özünü X1 Xidmətinin 2-ci Ərazi X1 İdarəsinin nümayəndəsi kimi təqdim edən şəxsin (yalnız bir nəfərin onun otağına gəldiyini bildirərək) onun otağına gəldiyini, həmin şəxsin yaşayış binasında yanğın təhlükəsizliyi ilə əlaqədar yoxlama keçiriləcəyini ona bildirmiş, bu zaman onun tərəfindən təxliyə planının hazırlanmasında həmin qurumun onlara köməklik göstərilməsini xahiş etsə də bundan bir neçə dəqiqə sonra səlahiyyətli şəxs heç bir səbəb göstərmədən çıxıb getmişdir. Nümayəndə2 həmçinin, planlı yoxlamanın keçiriləcəyi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ona bildirişin göndərilmədiyini, X1 Xidmətinin 2-ci Ərazi X1 İdarəsi tərəfindən iddia olunan şərait yaradılmama faktının rəsmiləşdirilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin vəzifəli şəxsi Nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, obyektdə planlı yanğın texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama keçirilməsinə şərait yaradılmamışdır. Bununla da, Nümayəndə2 Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2025-ci il tarixli, 3-18-63/Q-1576/2025 saylı qərardan görünür ki, ünvan 1 ünvanında xx.xx.2025xx.xx.2025-ci il tarixdə planlı yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-dövlət inzibati binasında plan üzrə (növbəti) xx.xx.2025-xx.xx.2025-ci il tarixdə yoxlamanın aparılmasına icazə verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-18-63/Q-1723/2025 saylı qərarda obyektdə planlı yanğın-texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlama keçirilməsinə şərait yaradılmadığı qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından hazırki iş üzrə protokolu tərtib etmiş şəxs vəzifəli şəxsin təqsirini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 17.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Lakin iş materiallarında sahibkara yoxlamanın aparılması haqqında qərarın surətinin göndərilməsini təsdiq edən hər hansı bildiriş və ya digər sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq yoxlayıcı tərəfindən yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti təqdim edilmədiyindən, həmçinin, İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bununla da, Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraat İXM-in 53.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 48-51, 114-117, 128-130 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar