Məhkəmə qərarları › İş №3(009)-1823/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1823/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1823/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağsu rayonu, Bozavand kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, bağban işləyən, Ağsu rayonu, Bozavand kəndində qeydiyyatda olan, Səbail rayonu, Salyan yolu ö/t kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayonu, Salyan yolunda yerləşən Çinar kafesində aralarında düşmüş mübahisə zamanı X4 əlləri ilə vurararaq döymüşdür. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 8-ci PBnin sahə inspektoru, polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 3 aydır ki, 20-ci sahədə yerləşən “Çinar” kafesini icarə əsasında işlədir, ondan əvvəl həmin kafedə Ömərova Mətanət qabyuyan kimi işləmişdir. Mətanət ondan orada qalıb qabyuyan kimi işləməsini xahiş etmiş, o, buna etiraz etməmişdir. Mətanət həmin kafedə 1 həftə işləmiş, daha sonra Mətanəti mədəni surətdə işdən azad etmiş, səbəb isə, Mətanətin kollektivdə intriqaların yaratması və münasibətlərin qızışdırması olmuş, Mətanət axırıncı gün işə gələn zaman onun sol qolunda göyərti görmüş, nədən olması barədə soruşduqda, yıxıldığını demişdir, növbəti gün Mətanət işə gəlməmiş, daha sonra Mətanətin barəsində heç bir məlumatı olmamışdır. Ömərova Mətanətə fiziki zorakılıq göstərməmiş, ona xəsarət yetirməmişdir. Qeyd etdikərini nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan X1 RPİ-nin 8-ci PBnə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində 20-ci sahədə, Poçtla üzbəüz yerləşən “Çinar” adlı kafedə 3 nəfər tərəfindən döyüldüyünü, MTE müayinəsindən keçmək istədiyini bildirmişdir. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PB-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. Həmin qərarda X3 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında 20-ci sahədə yerləşən “Çinar” adlı kafedə işlədiyi zaman, kafeni icarə əsasında işlədən Könül xanım ilə söhbət yaranmış, Könül xanıma 3 nəfərin yerinə işlədiyini, onun maaşını qaldırması barədə xahiş etmiş, Könül xanım onun maaşını qaldırmaqdan imtina etmiş, Könül ona, onu məhkəməyə verəcəyini və oradan qovacağı barədə demiş, daha sonra saat 00:00 radələrində Könül xanıma evə evə getmək istədiyi barədə demiş, Könül ona 02:00-da gedəcəyi barədə demiş, onu evə buraxmadığını, Könül ona bir butulka spirtli içki içərək, bir nəfər kişi ilə otelə getməli olduğunu bildirmiş, o, bundan imtina etmiş, onun maaşını kəsərək onu evə buraxmış, yatmağa kafenin arxasında yerləşən otellərin birinə getmiş, orada onun üstünə 3 nəfər cumaraq onu döydüyünü, həmin şəxslərin Könül, Aytən və Elbrus adlı şəxslərin olduğunu demiş və polisə şikayət etmək qərarına gəldiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB publik hüquqi şəxsin Səbail rayon şöbəsinin 13 iyul 2023-cü il tarixli 398 nömrəli rəyindən görünür ki, Ömərova Mətanətin almış olduğu xəsarətlər – hər iki süd vəzisinin və hər iki bazunun yuxarı 1/3-nin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nayihələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs təqsirliliyi qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə ki, zərərçəkmiş X6 izahatında “üstünə 3 nəfərin cumaraq onu döydüyünü, həmin şəxslərin Könül, Aytən və Elbrus adlı şəxslərin olduğunu” desə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, X3 izahatında adları çəkilən digər 2 şəxs araşdırma zamanı dəvət olunaraq izahatları alınmamış, bununla da xəsarətin məhz Şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmasına səbəb olmuşdur. Təqdim edilmiş materiallarla həmin şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Belə olan halda, onun barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs təqsirliliyi qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar