Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1824/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Tümen vilayəti Purpe qəsəbəsində anadan olmuş, işsiz, Laçın rayonu, Xanalılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xəzri kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qoşa Qala qapısı istiqamətində küçədə polis əməkdaşının ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 09 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 09 iyul 2025-ci il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, maşın yoldaşının adınadır, bir müddət nikah şəhadətnaməsi ilə sürmək icazəsi olduğunu düşünmüşlər, lakin sonra bilmişlər ki, etibarnaməsiz sürmək olmaz. İki azyaşlı oğlu var. O, heç kəsi təhqir etməmişdir. O, bildirmişdir ki, yol hərəkəti qaydalarını pozmuşdursa, protokol tərtib edilə bilər. xx.xx.2025-ci il tarixdə Qoşa Qala qapısı istiqamətində küçədə polis əməkdaşının ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən yol nişanını görməmiş və qayda pozuntusu törətmişdir. Polis əməkdaşı maşını saxlamış və sənədləri yoxlamışdır. Maşında 3 qadın və bir 6 yaşlı uşaq var idi. Bildirmişdir ki, yoldaşı gələndən sonra maşını istənilən yerə təmin edə bilərlər. Ola bilər bir az kobud danışmışdır, o, ərazidən qaçmaq istəməmişdir. Yoldaşı gələnə kimi onu polis bölməsinə aparmışlar. Özünü yol hərəkəti qaydasını pozmaqda təqsirli bilir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Şəxs yol qadağandır nişanını pozub avtomobili sürərkən onu saxlamışlar. Xanım sənəd təqdim etməmiş, bort monitorla aydınlaşdırmışlar ki, etibarnaməsi yoxdur. Dəfələrlə maşını tərk etməyə dəvət etmişlər, hətta yoldaşı ilə danışıb gəlib maşını götürməsini demişlər, lakin xanım onları təhqir etmiş, qanunvericiliklə bağlı onlarla mübahisə etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdə PB-nin əməliyyat qrupunda olan zaman PB-nin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında Qoşa Qala qapısının qarşısında YPX əməkdaşına tabe olmadığı üçün həmin xanıma yaxınlaşaraq özlərini təqdim etmişlər. Xanıma özünü təqdim etməsini bildirdikdə təqdim etməmiş, orada onlara məlum olmuşdur ki, avtomobilin sürücüsü giriş qadağandır nişanın tələbini pozmuş və yoxlama zamanı etibarnaməsiz idarə etməsi aşkar olunmuşdur. Onlar YPX əməkdaşına tabe olmasını bildirsələr də sürücü polisin qanuni tələbinə tabe olmayıb müqavimət göstərməyə başlamışdır. Daha sonra həmin şəxslər bölməyə aparılmış və bölmədə onlardan birinin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Qoşa Qala qapısı istiqamətində küçədə Şəxs Qoşa Qala qapısı istiqamətində ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. - 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. - 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) - 32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 övladları vardır. Məhkəmə Şəxs iki az yaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 02:00-da) inzibati qaydada tutulduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə, eləcə də 34.3-cü maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1824/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1824/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver