Məhkəmə qərarları › İş №3(009)-1825/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1825/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1825/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1, Şəxs MMM-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMM-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş 26 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş 26 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMM 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditini aparmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Şəxs MMM-nin nümayəndəsi X4 bildirmişdir ki, Mülki Məcəllənin müvafiq maddəsində məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borclu olması göstərilmişdir. Hazırki protokol isə X5 barəsində tərtib olunmuşdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMM-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 10 oktyabr 2022-ci il tarixli bildirişindən görünür ki, Şəxs MMM 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 26 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMM barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli müəssisədir Göründüyü kimi iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMM tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, qanunvericiliklə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olması nəzərdə tutulduğundan, barəsində inzibati icraat aparılan şəxs məhdud məsuliyyətli müəssisə olduğundan hazırki Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMM-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMM-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (26 oktyabr 2022-ci il tarixli MN seriyalı 1262046) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar