Məhkəmə qərarları › İş №3(009)-1826/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1826/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1826/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39-cu küçə, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səbail rayonu, Badamdar qəsəbəsində xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində S.İbrahimxəlilov küçəsində özünü polisə təqdim etməyərək polis əməkdaşlarını təhqir edib tabesizlik göstərmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, Badamdar qəsəbəsində xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində S.İbrahimxəlilov küçəsində ona yaxınlaşan polis əməkdaşları mülki geyimdə olduqlarına görə tanımayıb qorxub qaçmışdır. Xuliqanlıq etməmişdir, təhqir etməmişdir. Hazırda narkotik vasitələrdən istifadə etmir. Müalicə almışdır, müayinə aparılmasından imtina etmişdir. Qeyri-rəsmi nikahdan iki övladı var, malyar işləyir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, ərazidə 15 yaşlı uşağın döyülməsi və oğurluq hadisəsi ilə bağlı mülki geyimdə araşdırma aparılan zaman Badamdar qəsəbəsində xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində S.İbrahimxəlilov küçəsində iki nəfərin özlərini şübhəli apardığını görmüşlər. Onlara hadisə ilə bağlı bir neçə sual vermək üçün onları bölməyə dəvət etmişlər. Lakin həmin şəxslər qaçmışlar, daha sonra Şəxs saxlamağa nail olmuşdur. O, polis əməkdaşlarına tabesizlik göstərmiş, həmçinin nalayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmadığından həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddələr ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü y/m-vi, 58-ci küçə özəltikili evdə yaşayan, vətəndaş X2 məxsus evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı İŞ-də başlanmış ********* nömrəli Cİ şübhəli bilinən AR CM 234.1, 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmiş Şəxs Seyfulla oğlu xx.xx.2025-ci il tarixdə saat 17:10 radələrində Badamdar qəsəbəsi S.İbrahimxəlilov küçəsi 1 ünvanın yaxınlığında saxlanılarkən qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlədərək qaçmağa cəhd göstərməyinə baxmayaraq saxlanılaraq PB-yə gətirilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq araşdırma aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli AZ ******* saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 iyul 2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materialına əlavə edilmiş 09 iyul 2025-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, Şəxs sidik verməkdən imtina etmişdir. İş materialına əlavə edilmiş 09 iyul 2025-ci il tarixli “Bakı Şəhər Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən “Narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 08 iyul 2025-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə yanaşı, İXM-nin 206-cı maddəsi ilə də protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən, yəni onun narkotik vasitəni əldə edilməsi kimi hərəkətlərinə yol verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 15 (on beş) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə aid hissəsində xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar