Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1830/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə rəisi X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “X11” MMC-nin baş direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən X6 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X14 02.08.2021-ci il tarixdə ünvan 2 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə rəisi X8 izahat verərək bildirmişdir ki, 02.08.2021-ci il tarixində Şükür Hüseynov və İranə İsmayılova 102 xidmətinə məlumat verərək, X4 onların iş yeri olan ünvan 2 ünvanında yerləşən “X11” MMC-nin ofisinə gələrək həmin X16 və İranə İsmayılovaya qarşı nalayiq ifadələr işlədərək iş fəaliyyətlərinə mane olmasını bildirmiş və bu səbəbdən polis əməkdaşları həmin ünvana getmişlər, sonradan o özü də həmin ünvana gəlmiş və İranə İsmayılova, Şükür Hüseynov, eləcə də X17 RPİ-nin 39-cu polis bölməsinə gətirilmişlər. Əlavə olaraq bildirmişdir ki, İranə İsmayılova və Şükür Hüseynov şikayətçi olduğundan X9 barəsində həmin tarixdə müvafiq protokol tərtib edilmişdir. X1 da bölməyə müraciət edərək 02 avqust 2021-ci il tarixində İranə İsmayılovanın və Şükür Hüseynovun da onu təhqir etdiklərini bildirmiş və onların da məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, X10 törətdiyi əmələ hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, o, X15 ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş və birlikdə yaşamışlar. Bu münasibətlərindən iki ekiz övladları dünyaya gəlmiş və bir müddət sonra münasibətləri pisləşdiyindən ayrılmaq qərarına gəlmişlər. Belə ki, 08.09.2019-cu il tarixdə anadan olmuş oğlu X2 ayaqlarının pəncə hissəsində olan problemə görə gəzərkən ayaqları içəri əyilir və topuq nahiyyəsində çıxıqlar baş verir. Bu səbəbdən o, X15 ilə əlaqə saxlayaraq uşağın ölkədən çıxarılmasına icazə verməsini bildirmiş, o isə əvvəl etibarnamə verməyə razılaşsa da, sonradan söz verdiyi halda sözünə əməl etməmiş və danışılan vaxtda etibarnamə verməyə gəlməmişdir. 02.08.2021-ci il tarixində X10 iş yerinə getməkdə məqsədi uşağın ölkədən çıxarılmasına razılığın verilməsi ilə bağlı olmuşdur. Belə ki, o, X12 zəng vuraraq uşağın hər iki ayaqlarında olan qüsura görə Türkiyəyə müalicə üçün aparılması məqsədilə ona icazə verməsini xahiş etmişdir. Ş.Hüseynov telefonda ona icazə verməyəcəyini bildirmiş, o, isə uşağın müalicəsi ilə bağlı həkim qəbuluna yazıldığını və hətta uçuş biletlərini də aldığını bildirmişdir. Lakin Ş.Hüseynov ona telefonda aqressiv cavab vermiş və telefonu onun üzünə bağladığından o, Ş.Hüseynovun ünvan 2 ünvanında yerləşən ofisinə getmişdir. O, ofisə daxil olan zaman sağ tərəfdə yerləşən kabinetdə oturan Ş.Hüseynovun katibəsi ona hücum edərək ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Ş.Hüseynov da arxa kabinetdən çıxaraq onu təhqir etmiş və uşağın Türkiyəyə aparılması üçün icazə verməyəcəyini bir daha bildirmişdir. Daha sonra İ.İsmayılova həmin ünvana polis çağırmış və polis əməkdaşları ünvana gələrək onları Səbail RPİ-nin 39-cu polis bölməsinə gətirmişlər. Hazırda şikayətçi olduğunu, X10 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, “X11” MMC-nin baş direktor vəzifəsində işləyir. Belə ki, 02.08.2021-ci il tarixdə X9 onun işlədiyi ünvan 2 ünvanında yerləşən “X11” MMC-nin ofisinə gələrək ona və həmin Mərkəzdə işləyən Şükür Hüseynova qarşı nalayiq ifadələr işlədərək onların iş fəaliyyətinə mane olmuşdur. Bu səbəbdən o, 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları ünvana gələrək onları Səbail RPİ-nin 39-cu polis bölməsinə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, onlar X5 qarşı heç bir nalayiq ifadələr işlətməmişlər, onu təhqir etməmişlər, əksinə Ruhəngiz Hacıyeva onları təhqir edərək iş fəaliyyətlərinə mane olmuşdur. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X9 tərəfindən yazılmış Səbail RPİ-yə ünvanlanmış 18.08.2021-ci il tarixli ərizədən görünür ki, o, 2018-ci ildə X15 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin münasibətdən iki övladı dünyaya gəlmişdir. Belə ki, oğlu X7 xəstə olduğundan onun müalicəsinin xarici ölkədə olduğundan uşaqların ölkədən çıxarılmasına icazə verilməsi ilə bağlı Ş.Hüseynovun ünvan 2 ünvanında yerləşən ofisinə getmiş və ora çatan zaman Ş.Hüseyov və orada işləyən İ.İsmayılova ona hücum edərək ünvanına nalayiq söyüşlər söymüşlər, onu təhqir edərək ləyaqətini alçatmışlar. Məhkəmə qeyd edir ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilsə də, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən yəni onun 02.08.2021-ci il tarixdə ünvan 2 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdə ifadə olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2) Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X6 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyinə görə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1830/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1830/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver