Məhkəmə qərarları › İş №3(009)-1831/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1831/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1831/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-QL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Teymur Elçin küçəsi ilə hərəkət edərkən, Lermantov küçəsinə döndüyü üçün yolun əks istiqaməti ilə hərəkət edən avtomobillərin “yol ver” nişanına məhəl qoymaması səbəbi ilə bütün qırıq xətt boyu yolu məşğul edərək 1,11 üfüqi nişanlanma xəttlərinin nəticəsində 100 manat cərimə olunması qərarı ilə razı deyil. Qəza şəraitini önləmək üçün 1,11 üfüqi nişanlanma xətlərinin tələbləri pozulmuşdur. Əks istiqamətən gələn avtomobillər “yol ver” nişanına əməl etməyərək, hərəkət etdiyi zolağı bağlamışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs, X2 şikayətini müdafiə edərək bildirmişdir ki, heç bir yol hərəkəti qaydasını pozmamışdır. Baş yolda hərəkət edərkən qarşı tərəfdən gələnlərə “yol ver” nişanı olmuş, lakin onlar hərəkət istiqamətini məhdudlaşdırmışlar. Buna görə də, gözləyə bilməmiş, hərəkətini davam etdirmişdir. Göstərilənlərə əsasən EQ seriyalı 28954910 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, şəxs gözləməli idi ki, qırıqqırıq xətdəki maşın getsin, sonra hərəkət eləsin, lakin şəxs gözləməmiş qoşa xətti tapdalayaraq hərəkətə davam etmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 06:43-də T.Elçin və Lermantov küçələrinin kəsişməsində “BYD Destroyer 05 Plug in Hibrid minik” markalı, **-QL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla nəqliyyat vasitəsini hərəkət etdirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə və fotoşəkillərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 “BYD Destroyer 05 Plug in Hibrid minik” markalı, **-QL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qoşa xətti tapdalayaraq üfüqi nişanlama xətlərinin tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 06:43-də T.Elçin və Lermantov küçələrinin kəsişməsi ərazisində “BYD Destroyer 05 Plug in Hibrid minik” markalı, **-QL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfüqi nişanlama xətlərinin tələblərini pozmuşdur və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili T.Elçin və Lermantov küçələrinin kəsişməsi ərazisində “BYD Destroyer 05 Plug in Hibrid minik” markalı, **-QL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfüqi nişanlama xətlərinin tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28954910 saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar