Məhkəmə qərarları › İş №3(009)-1832/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1832/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1832/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, tərcüməçi X1 Səbail rayon İcra şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə, xx.xx.1964-cü il təvəllüdlü, evli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bayıl döngəsi 20 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Mən Səbail rayon İcra şöbəsinin icra məmuru X9 bu protokolu tərtib edirəm ondan ötrü ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-430/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Səbail rayonu, Ə.Hüseynzadə küçəsində (2-ci Bayıl döngəsində) yerləşən, ümumi paylı mülkiyyətdə olan 20 №-li evin cavabdeh Şəxs istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən tikililər - evin ikinci mərtəbəsində yerləşən, sahəsi 11,4 kv.m (3,80m x 3,0m), hündürlüyü 2,90 m təşkil edən tikili və sahəsi 12,2 kv.m (3,80m x 3,20m), hündürlüyü 2,90 kv.m təşkil edən tikili cavabdeh Şəxs hesabına sökülməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra şöbəsinə gəlməmiş və icra sənədinin icrasını təmin etməkdən boyun qaçırmışdır. Bu səbəbdən onun barəsində borclunun məcburi qaydada gətirilməsi haqqında xx.xx.2024-cü il tarixdə təqdimat tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Borclu barəsində verilmiş təqdimata Səbail rayon məhkəməsi tərəfindən baxılmış və Səbail rayon məhkəməsinin 8(009)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən borclu Şəxs məcburi qaydada Səbail rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Sözügedən qərardad icra edilməsi üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Daha sonra Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmişdir. O, şöbədə olarkən izahatı alınmış izahatında icra sənədi üzrə tələbi təmin etməməsinə səbəb kimi maddi imkanının çətin olduğunu və sağlamlığında problemlərinin olduğunu əsas gətirmişdir. Həmin tarixdə borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə təqdim edilmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs inzibati qaydada 500 manat məbləğində cərimə edilməsi qərara qalınmışdır. Daha sonra icra sənədi borclu tərəfindən təmin edilməmiş və onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş və şöbədə olarkən izahatı alınmışdır. İzahatında icra sənədi üzrə tələbi təmin etməməsinə səbəb kimi maddi imkanının çətin olduğunu və sağlamlığında problemlərinin olduğunu qeyd etmişdir. İş üzrə tələbkarlar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X8 protokolları müdafiə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs onun barəsində daha ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsin xəstəliklərdən əziyyət çəkdiyini, qətnaməni maddi vəziyyətinin çox çətin olduğundan icra edə bilmədiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, onun yaşını, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXMnin 528.1-1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar