Məhkəmə qərarları › İş №3(009)-1833/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1833/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1833/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, barəsində protokol tərtib edilmiş şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş 05 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş şəxs X2 protokola etiraz etdiyini, reklamları içəridən şüşəyə, yalnız bir reklamın bayırdan binaya vurulduğunu, şəkillərin öncədən çəkildiyini, xəbərdarlıqdan sonra çıxarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 03 iyun 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:55 radələrində Səbail rayonu, Badamdar qəsəbəsi məktəbli küçəsi “Tiflis ailəvi” məkanda müvafiq icazə olmadan 6 ədəd reklam aşkar edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Səbail rayonu, Badamdar qəsəbəsi məktəbli küçəsi “Tiflis ailəvi” məkanda müvafiq icazə olmadan reklam aşkar edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, aktda inzibati xətanın aşkar edildiyi tarix və saat xx.xx.2024-cü il tarixdə, saat 14:55 qeyd edilsə də, protokolda xx.xx.2024-cü il tarixdə, saat 15:30 kimi qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar