Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1838/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında elektron qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7333398 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X4 İXM-in 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı Şəhər X10 İdarəsinin Polis X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Səbail rayon məhkəməsinə şikayət etmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(009)-1364/2025 saylı qərarına əsasən şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X10 İdarəsinə göndərilmişdir. Həmin idarədə inzibati xəta haqqında işə yenidən baxılaraq İXM-in 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı Şəhər X10 İdarəsinin Polis X2 tərəfindən TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar şikayətçiyə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Həmin qərarı aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassız hesab edir: Protokola inzibati xəta haqqında işin materiallarında onun İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair mötəbər sübut əlavə olunmamışdır. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci tarixli qərar (məhkəmənin ləğv etdiyi qərar) protokolun tərtib edildiyi tarixdən 21 gün sonra qəbul edilmişdir. Bununla da İXM-nin 122.1-ci maddəsinin tələbi pozulmuşdur. İnzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın hansı texniki vasitə ilə aşkar olunduğu qeyd edilməmişdir. İşə yenidən baxılarkən ümumiyyətlə araşdırma aparılmamış, sadəcə onun təqsirli olması barədə yeni qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 bildirmişdir ki, onu heç bir əməkdaş saxlamayıb. Hər gün tıxac olduğundan polis əməkdaşı o yola çıxmaq üçü özü işarə verir. Xəta 8 törədilibsə onların öz portalında protokolun tərtib olunma tarixi 17 qeyd edilib. Elektron qərar bir gün ərzində yerləşdirilməli idi lakin yerləşdirilməyib. Odur ki, xx.xx.2025-ci il tarixli TP7333398 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X6 tərəfindən 08 aprel 2025-ci il tarixdə saat 17:49 radələrində Səbail rayonu, Neftçilər prospekti ərazisində idarə etdiyi “Chevrolet Malibu” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsini idarə edərkən İXM-nin 327.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4– 346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla qiymətləndirilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X4 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, X4 münasibəti qərəzli olmamışdır. Belə ki, Səbail Rayon Məhkəməsinin 03.06.202-ci il tarixli 3(009) -1364/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7333398 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7333398 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1838/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1838/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver