Məhkəmə qərarları › İş №3(009)-1845/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1845/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1845/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 30.11.2020-ci il tarixli qərarı ilə 2000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Xətai rayon İcra şöbəsindən icra sənədi ilə bağlı 29.04.2021-ci il tarixdə ona məlumat verilmişdir. Heç bir yerdə işləmir, yalnız təqaüd alır. Ağaclara verilən su yaşadığı evin istinad divarlarını çatladıb qəzalı vəziyyətə salmışdır. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında X3 göstərmişdir ki, həqiqətən də ağacları kəsmişdir. Buna səbəb isə ağacların əkiıdiyi yerin təsirindən yaşadığı evin divarlarında çat əmələ gəlmiş və ev qəzalı vəziyyətə düşmüşdür. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini və 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 05.11.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 rayonu ərazisində 19.03.2020-ci il tarixdə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsildiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 19.03.2020-ci il tarixdə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsildiyi üçün İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 08 aprel 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi barədə qərarla ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş və qərarın sürəti X2 Azərbaycan Respublikası İXM 253- cü maddəsi iləməsuliyyətə cəlb olunmasından ötrü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin hadisəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi vaxtdan 07 (yeddi) ay 22 (iyirmi iki) gün keçmiş, yəni cinayət işinin icraatına xitam verilməsi barədə qərar 08 aprel 2020-ci il tarixdə qəbul edilmiş, inzibati tənbehvermə barədə qərar isə 30 noyabr 2020-ci il tarixdə qəbul edilmişdir və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-cü maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayəti təmin edilməli, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar