Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1845/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 15 oktyabr 2022 tarixdə Bakı şəhəri DYPİ inspektoru tərəfindən barəsində inzibati xəta haqqında İXP ******* protokol tərtib edilmişdir. Ardınca 25 oktyabr 2022 tarixli, TP ******* qərar qəbul edilmişdir. Mülkiyyətində olan **-OL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Səbail rayonu, Azneft dairəsində hərəkətdə olan zaman Bakı şəhəri DYPİ inspektoru tərəfindən dayandırılıb. Dayandırılma səbəbini soruşduqda inspektor bildirmişdir ki, səbəb yolayrıcını keçmə qaydasının pozulmasıdır. Dəfələrlə yolayrıcını keçərkən hansı qaydanı pozduğuna dair məlumat almaq istəməyinə baxmayaraq, inspektor irəli sürdüyü iddianı əsaslandıra bilməmişdir. Protokol tərtib edəcəyini deyən inspektora istədiyi tədbiri görməkdə sərbəst olduğunu, lakin qanunsuz addım atacağı təqdirdə məhkəməyə şikayət edəcəyini bildirmişdir. Belə ki, hər zaman olduğu kimi, sözügedən tarixdə də qanunun tələblərinə ciddiyyətlə əməl etmiş, hər hansı pozuntuya yol verməmişdir, qeyd olunan protokol və inzibati xəta haqqında qərarı dəqiq olaraq hansı əmələ görə tərtib olunması hələ də qaranlıqdır. Protokolun tərtib olunması barədə ancaq bir neçə gün sonra ASAN ödəniş elektron sistemdəki müvafiq kabinetə daxil olduqdan sonra məlumat əldə edib. Müraciəti nəticəsində ona inzibati xəta haqqında qərar 12 noyabr 2022 tarixdə təqdim olundu. Bu qərarda qeyd olunan hal (yolayrıcını keçmə qaydalarını pozma halı) gerçəyi əks etdirmədiyinə, beləliklə, əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta üzrə icraata xitam verilməsini şikayətində bildirmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2, 25 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1995-cı il təvəllüdlü Cəlilabad rayonu, Şıxlar Kəndi ünvanında qeydiyyatda olan X2, Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsində HONDA CİVİC Minik markalı 99OL804 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1845/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1845/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver