Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1845/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 may 2025-ci il tarixində Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsindən ona zəng gələrək bildirilmişdir ki, 20 aprel 2025-ci il tarixdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqdan istifadə edərək İXM-nin 327.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, çağırışa gedə bilməmiş, bundan sonra xx.xx.2025-ci il tarixdə barəsində İXP ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə həmçinin, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə barədə məlumat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Azneft” dairəsindən üzü Neftçilər prospektinin (Hökumət Evi istiqamətində) çıxışında dayanmış YPX əməkdaşının göstərişi ilə avtobus xəttinə daxil olmuş və Cəfər Cabbarlı adına Teatr Muzeyinin yaxınlığından, yəni yol ayrıcından ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı tərk etmişdir. Şikayətçi icazənin növbəti yol ayrıcı və ya yol kəsişməsinə qədər qüvvədə olduğunu bildirməklə həmin qaydadan kənara çıxmadığını şikayətində qeyd etmişdir. Həmçinin, şikayətində İXM-in 38.6-cı maddəsinə uyğun olaraq xüsusi texniki vasitənin köməyi ilə qeydiyyata alınmış inzibati xəta hadisəsinin foto və ya video görüntüsünün bir gün müddətində elektron kabinetə yerləşdirilmədiyini qeyd edərək inzibati məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Bundan əlavə şikayətçi məhkəməyə “Asan Pay” və “E-Polis” proqramından çıxarış təqdim edərək həmin proqramlarda qeyd olunan İXP ******* nömrəli protokolun tarixi ilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuş protokolun tarixinin fərqli olduğunu və bu məsələyə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın münasibət bildirməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, şikayətçinin şikayəti əsassızdır. Belə ki, X5 polis əməkdaşının göstərişi ilə (belə bir halın olub-olmaması barədə onlarda dəqiq məlumat yoxdu) daxil olduğu yol nişanının təsir dairəsi “Azneft” dairəsindən başlayaraq “Kukla Teatrı” adlanan yerə qədərdir. X2 buna məhəl qoymaraq avtobus zolağında hərəkətə davam etmişdir. Həmçinin protokol və qərarda olan tarix uyğunsuzluğu ilə bağlı hazırda dəqiq nəsə deyə bilməyəcəyini, aydınlaşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırıldı ki, X4 törətdiyi qayda pozuntusuna görə elektron qərar deyil, inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də onun şikayətində qeyd etdikləri İXM-in 38 və 122-ci madəssinin təsiri altına düşmür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən həmin şəxs xx.xx.2025-ci il tarixində, saat 19:23-də Səbail Rayonu Neftçilər prospektində ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət edərək İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, aşkar edilmiş inzibati xəta hadisəsi elektron qərarı ilə deyil, inzibati xəta haqqında protokol ilə rəsmiləşdirilmişdir. Məhkəmə bu hala münasibət olaraq bildiririk ki, İXM-in 38.6-cı maddəsində yalnız elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətdən azad olunmasını nəzərdə tutmuşdur. İş materiallarında olan “Asan Pay” və “E-Polis” proqramından çıxarışlarda göstərilən inzibati xəta haqqında protokolun tarixi ilə inzibati tənbeh vermə haqqında qərarda göstərilən eyni nömrəli (İXP 7129694) inzibati xəta haqqında protokolun tarixində zidiyyət aşkar edilmiş, həmçinin YPX əməkdaşının icazəsi ilə avtobus xəttinə daxil olduqdan sonra hansı əraziyə kimi minik avtomobilinin hərəkət etməli olması konkret sübut təqdim edilmədən mübahisə yaratdığından məhkəmə hesab etmişdir ki, şikayət qismən təmin edilməklə, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan eyni nömrəli inzibati xəta haqqında protokolun tarixlərində aşkar edilmiş ziddiyyətlər İXM-ini 135.1.6-cı maddəsinin tələbinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədən hal kimi qiymətləndirilməlidir (şikayətçi 15 may 2025-ci il tarixdə ona həmin qurumdan zəng gəldikdən 1 gün sonra qərarsız inzibati xəta haqqında protokolun tərtib edildiyini göstərən çıxarışlar təqdim etmiş, lakin səlahiyyətli orqan protokolun xx.xx.2025-ci il tarixdə, yəni hadisənin törədildiyi gün tərtib olunduğunu inzibati tənbeh vermə haqqında qərarda qeyd etmişdir). Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinə göndərilsin. Bu qərar Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polisi İdarəsi X11 İdarəsinin Mərkəzi İnformasiya sistemində X4 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1845/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1845/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver