Məhkəmə qərarları › İş №3(009)-1846/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1846/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1846/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Füzuli rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 (bir) azyaşlı uşaq atası, orta təhsilli, çatdırılma xidmətində kuriyer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan (Fin kod – xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokola və ona əlavə olunmuş materiallara əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. xx.xx.2020-ci tarixli icra sənədi xx.xx.2020-ci tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Həmçinin xx.xx.2020-ci tarixli icra sənədi xx.xx.2020-ci tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci tarixli və xx.xx.2020-ci tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Eyni zamanda borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Tələbin könüllü icrası haqqında bildirişlərin müvafiq məktublarla göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-281/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında yaranmış 4600 manat aliment borcunu tam şəkildə ödəməyə imkanının olmadığını, borcundan 2500 manatı indi, qalan borcu isə növbəti aylarda mütəmadi olaraq ödəyəcəyini bildirmişdir. Tərtib edilmiş protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. 14 iyul 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında yaranmış 4600 manat aliment borcunu tam şəkildə ödəməyə imkanının olmadığını, borcundan 2500 manatı indi, qalan borcu isə növbəti aylarda mütəmadi olaraq ödəyəcəyini bildirmişdir. Həmçinin borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, o cümlədən gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, bu günə qədər aliment borcu ilə əlaqədar borcundan ödənişlər etmiş, hal-hazırda da 4600 manat borcundan 2500 manat ödədiyini və qalan borcu hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 4600 manat aliment borcunun tam şəkildə ödənilməsini əks halda borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş Füzuli rayon İcra və Probasiya Şöbəsinin 02 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Abşeron Rayon Məhkəməsinin 2(012)-862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Füzuli rayon İcra və Probasiya Şöbəsini tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 28 aprel 2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Füzuli rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Abşeron Rayon Məhkəməsinin 2(012)-862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş Füzuli rayon İcra və Probasiya Şöbəsinin 13 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli və xx.xx.2020-ci tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra işindən borclu tərəfindən tələbkara 08 noyabr 2024-cü il tarixdə 300 manat, 07 dekabr 2024-cü il tarixdə 300 manat, 09 yanvar 2025-ci il tarixdə 300 manat, 10 fevral 2025-ci il tarixdə 300 manat, 2025-ci ilin mart ayında 300 manat, 10 aprel 2025-ci il tarixdə 100 manat, 23 may 2025-ci il tarixdə 50 manat, 30 iyun 2025-ci il tarixdə 50 manat və 01 iyul 2025-ci il tarixdə 50 manat olmaqla ümumi borcdan ödənişlər edildiyi müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclası zamanı borclu 2500 manat məbləğində ödəniş edə biləcəyini bildirmiş və tələbkarın bank hesabına 2500 manat pulu köçürmə yolu ilə ödəyərək xx.xx.2025-ci il tarixli qəbzi məhkəməyə təqdim etmişdir. Beləliklə iş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən və borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən aylıq ödənişlər həyata keçirilmişdir. Qeyd olunan aylıq ödənişlər həyata keçirildiyi halda icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tərəfindən aylıq ödənişlər ödənildiyi müəyyən edilmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-c maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar