Məhkəmə qərarları › İş №3(009)-1850/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1850/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1850/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13000-1227/22 saylı, 03 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İxracatçı Rusiya Federasiyasının “Vimar Offshore” LLC şirkəti tərəfindən göndərilən Şəxs QSC-yə məxsus dəniz üçün torpaq qazan qəmi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Raporta əlavə edilmiş sərhədkeçmə məlumatlarının əks edildiyi sənədə əsasən qeyd edilən malın xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının gömrük sərhədini keçməsinə baxmayaraq, həmin mala dair xx.xx.2022-ci il tarixli **********9226 saylı gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Lakin, hüquqi şəxs tərəfindən müvafiq gömrük rəsmiləşdirilməsinə dair gömrük bəyannaməsi və digər sənədlər qanunvericilikdə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq hələ də təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. İş materiallarından görünür ki, ixracatçı Şəxs QSC Tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi inzibati məsuliyyəti müəyyən edən xətanın tərkibini yaradır. Nəticədə, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş İdarəsinə və Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş İdarəsinin və Şəxs QSC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş İdarəsinin və Şəxs QSC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə təhkim edilmiş “Azterminalkompleks” birliyinin inspektoru Anar Əliyevin raportundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs QSC-nin (VÖEN: **********) ünvanına gələn yük xx.xx.2022-ci il tarixində təqdim edilmiş **********9226 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 3.6-cı bəndinə əsasən **********9226 saylı gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışından görünür ki, Şəxs QSC-nin ünvanına göndərilən dəniz üçün torpaq qazan gəmi xx.xx.2022-ci il tarixində liman gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazsinə daxil olmuşdur. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********9226 saylı gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Beləliklə, iş materiallarından görünür ki, hüquq şəxs Şəxs QSC nümayəndəsi X2 izahatında bildirmişdir ki, **********9226 saylı gömrük bəyannaməsində qanunvericilikdə nəzərdə tutulmuş müddətin pozulması texniki problemlərin yaranması səbəbi ilə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs QSC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş və nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs QSC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətininhərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi var və onun 300 (üç yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar