Məhkəmə qərarları › İş №3(009)-1851/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1851/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1851/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi X2, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs barəsində Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-326/2018 saylı, 17.01.2018-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 17 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 2(009)-326/2018 saylı, 17.01.2017-ci il tarixli icra sənədinə əsasən X5 və X7 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün Şəxs 08.09.2017-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra sənədi 12.02.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə aidiyyət orqanlara sorğular verilmiş, lakin borclunun adına daşınar və daşınmaz əmlak həmçinin ona məxsus bank hesabları aşkar edilməmidir. İcra sənədi üzrə tələb tam olaraq təmin edilmədiyindən və borclunun yerini müəyyən etmək mümkün olmadığından borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. Borclu Səbail RPİ-nin 17.03.2021-ci il tarixli məktubu ilə şöbəyə təhvil verilmiş və o, verdiyi izahatında müharibədən gəldikdən sonra işini itirdiyini və bu səbəbdən aliment üzrə borcunu tam olaraq ödəyə bilmədiyini bildirmişdir. Buna baxmayaraq borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 17.03.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə zamanı borclu Şəxs ikinci Qarabağ müharibəsinin iştirakçısı və qazi oduğunu bildirmişdir. Səbail rayon məhkəməsinin müvafiq qərarı ilə borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinin arayışında Şəxs 10.10.2020-ci il tarixdən qismən səfərbərliyə cəlb edildiyi və 11.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verildiyi qeyd olunmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu 17.09.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında icra sənədindən xəbəri olduğunu və pulunun olmadığı üçün ödəniş edə bilmədiyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. İş materiallarında olan MN ******* saylı, 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(009)-326/2018 saylı17.01.2018-ci il tarixli icra sənədi üzrə tələbi icra etməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi X6 borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs icra sənədinin icrasından yayınmadığını, müharibədən gəldikdən sonra işinin olmadığını, hazırda 2000 manat ödədiyini, qalan məbləği isə 2021-ci ilin noabr ayına kimi ödəyəcəyinə söz verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X4 borclu tərəfindən borcdan 2000 manat ödənildiyini, qalan məbləğin ödənilmisi barədə söz verdiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs borcdan 2000 manat ödənildiyini, qalan məbləğin ödənilmisi barədə söz verdiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materialına əlavə olunan iltizamdan görünür ki, Şəxs tələbkar X3 2000 manat məbləğində ödəniş etmişdir. Ödənişin digər hissəsini 2021-ci ilin noyabr ayının sonuna kimi ödəniş edəyəcəyinə söz vermişdir. İş materialına əlavə olunan qəbzdən görünür ki, Şəxs tələbkar X3 2000 manat məbləğində ödəniş etmişdir. Qalıq borcu 1600 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar