Məhkəmə qərarları › İş №3(009)-1852/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1852/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1852/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail Eayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati tənbeh ermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o uzun illər kirayələrdə əzab-əziyyətlə yaşadıqdan sonra 2021-ci ildə ünvan 1 ünvanında heç bir şəraiti olmayan kiçik bir daxma satın almışdır. Həyat yoldaşını vaxtsız itirdiyi üçün fikirləşmişdir ki, daxma da olsa, şəraitsiz də olsa kiçik evi olsun. Qapı-qapı kirayələrdə gəzməkdən daha yaxşıdır. Hazırda 23 yaşlı bir oğlu ilə bu kiçik daxmada yaşayır. O, aşpaz köməkçisi, oğlu isə fəhlə işləyir. O 300 manat, oğlu da 400 manat maaş alır. Aldığı məvacib kommunal xərclərə və yeməklərinə ancaq çatır. Daxmaya yeni əşya almağa belə imkanı yoxdur. 21-ci əsrdə onun evimdə bir televizor da yoxdur. Ev əşyası olaraq qohumların, qonşuların verdiyi əşyaları istifadə edir. Belə bir şəraitdə bu günlərdə İcra şöbəsindən cərimə edilməsi haqqındakı bildiriş sözün əsl mənasında onu çökdürdü. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənlinin imzası ilə ünvanına 500 manat məbləğində cərimə olunmağı barədə bildiriş göndərilmişdir. O, həmin bildiriş sənədi ilə icra məmuru cənab Vasif Həsənlinin qəbulunda olmuşdur və hansı səbəbdən cərimə edildiyini öyrənməyə çalışmışdır. Vasif müəllim hansı səbəbdən olduğunu bilmədiyini və özünün sadəcə qərarın icrası ilə mükəlləf olduğunu bildirdi. O, həmçinin Səbail rayonu İcra Hakimiyyətindən dəqiq məlumat ala biləcəyini söyləmişdir. İcra hakimiyyətində isə bildirmişlər ki, sözügedən cərimə sahə müvəkkili polis mayoru X4 tərtib etdiyi inzibati protokol əsasında müəyyən edilmişdir. Əvvəla onu qeyd edir ki, sözügedən protokol geri tarixlə və mənzil hüququnun pozulması ilə tərtib edilmişdir. Belə ki, 2022-ci ilin mart ayında yağıntılar nəticəsində çökmüş dam örtüyü və nəmişlik nəticəsində evin içərisinə uçmuş divarı və kafelləri tökülmüş hamamı təmir edən zaman sahə müvəkkili X7 onun evdə olmadığı bir vaxtda evinə gəlib icazəsiz mənzilə daxil olaraq videoçəkliş aparmış və ustadan “gəlib onu görməyi” barədə sifariş göndərib. Guya qonşular şikayət etdiyi üçün gəldiyini deyib. Usta ona xəbəri dedikdə o heç bir qanunsuz iş görmədiyini heç bir artırma və ya hər hansı bir yeni tikinti aparmadığı üçün “kimsə ilə görüşməyəcəyini” bildirmişdir. Cərimə olunmağı barədə qərarda qeyd olunmuşdur ki, guya o İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərini pozmuş və özbaşına tikili işlərini aparmışdır. Lakin hansı özbaşına tikinti işlərini aparmağı barədə heç bir məlumat qeyd olunmayıb və qeyd oluna da bilməzdi. Çünki balaca bir daxmada hansı özbaşına tikintidən söhbət gedə bilər?! O, savadsız birvərəndaş olaraq, İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci maddəsini oxumuş və orda qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə- fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yenə də qeyd edir ki, yaşadığı daxmada heç bir tikinti obyekti inşa etməmişdir ki, İcra Hakimiyyəti onu bu maddə ilə cərimə etmişdir. Qeyd olunan qərarın yalandan ibarət olduğunu aydınlaşdırmaq üçün məhkəmədən ünvanına gəlib yerində onun daxmasının şəraiti ilə tanış olmasını xahiş edir ki, məhkəmə özü də görsün ki burda heç bir tikinti obyekti inşa edilməsindən söhbət gedə bilməz. 500 manat məbləğində cərimə onun üçün çox böyük bir məbləğdir. Bu məbləği ödəyə bilməyi demək olar ki, imkansızdır. Qeyd olunanları nəzərə alınaraq Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə rəisi X8 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında qanunsuz olaraq özbaşına tikinti apardığı müəyyən olunmuşdur. Fotoşəkillər çəkilərək inzibati xəta haqqında protokola əlavə edilmişdir. Belə ki, həmin ünvanda sanitar qovşağınin tikintisi aparılmışdır. X1 istər qardaşı Nəriman adlı şəxs və digər vasitələrlə məlumat verilsə də, həmin şəxs bölməyə gəlməmişdir. Bu səbəbdən X5 barəsində İXM 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında protokola əsasən inzibati tənbehvermə barədə qərar qəbul edilməsi üçün aidiyyat qərardadı ilə materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Buxta küçəsi 212 ünvanında qanunsuz olaraq özbaşına tikinti apardığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Buxta küçəsi 212 ünvanında müvafiq İcra Hakimiyyətinin icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı müəyyən olunduğu üçün İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Göründüyü kimi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, şahid izahatı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin inzibati xəta hadisəsi hazırki iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edildiyi vaxtdan (xx.xx.2022-ci il) 05 ay 12 gün öncə, xx.xx.2022-ci il tarixdə baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-cü maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbeh ermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin inzibati tənbehvermə haqqında 20 sentyabr 2022-ci il tarixli, 104 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar