Məhkəmə qərarları › İş №3(009)-1852/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1852/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1852/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 tərəfindən xx.xx.2025-ci il tarixində avtobus zolağına daxil olmaq səbəbi ilə inzibati cərimə tətbiq edilmişdir. Lakin həmin tarixdə və saatda yol hərəkətini tənzimləyən X9 əməkdaşının birbaşa göstərişi ilə avtobus zolağına daxil olmuşdur. Bu göstərişə əməl etməyi hüquqi baxımdan məcburi olmuş və şəxsi təşəbbüsü əsasında baş verməmişdir.. Polisin göstərişi birinci yol ayrıcına qədər qüvvədə olmuşdur. Buna baxmayaraq yoluna davam etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə zidd olaraq real vaxt rejimində tərtib olunmamışdır. Həmin Məcəllənin tələbinə əsasən (maddə 122.1 və 125) inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə electron protocol real vaxt rejimində tərtib olunmalı, qərar çıxartmaq səlahiyyəti olan vəzifəli şəxsin electron imzası ilə təsdiqlənməli, və təsdiq edilmiş həmin qərar real vaxt rejimində xüsusi rexniki vasitələrin əlumatları əlavə edilməklə həmin anda electron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiya üzrə dövlət agentliyinin asan ödəniş sisteminə göndərilməlidir. Asan ödəniş sistemi öz növbəsində barəsində electron protocol tərtib edilən şəxsə sms məlumatı dərhal göndərilməlidir. X9 İdarəsindən xx.xx.2025-ci il tarixində X3 tərəfindən zəng olunaraq cərimə törədildiyini bildirmiş və otağına dəvət etmişdir. Gəlmədiyi təqdirdə cərimə olunacağını bildirmişdir. Etdiyi əməlin qanunsuz olduğunu deyərək otağa getməmişdir. Üzərindən bir gün keçmiş cərimələr gəlmişdir. Cavabdeh tərəf 327.1-1-ci maddəsinə istinad etsə belə kamera real vaxt müşahidə məqsədi ilə quraşdırılıbsa bu maddə tətbiq olunmamalıdır. Əgər bu pozuntu real vaxta qeydə alınıbsa, niyə dərhal qərar çıxarılmayıb? Əgər real vaxtda müşahidə olunmayıbsa, bu kameranın funksiyası qanuni əsasdan kənar istifadə olunmuşdur. Belə olan halda qərarların qanunsuz tərtib olunması və vaxtında bildirilməməsi səbəbi ilə onların ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək izahatında bildirmişdir ki, şəxs avtobus zolağına daxil olmuş, üzrlü səbəb kimi yol polisi əməkdaşının icazə verməsini göstərmişdir. Təqsirli olmadığını desə də, yol polisi əməkdaşının ona göstəriş verməsini sübut edə bilmir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyi üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:18-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində “Mercedes Benz C220 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar “Mercedes Benz C220 minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 barəsində çıxarılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki işdə həmin qərardan şikayət X4 tərəfindən deyil, barəsində heç bir inzibati tənbehvermə haqqında qərar qəbul edilməmiş şəxs X2 tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar