Məhkəmə qərarları › İş №3(009)-1855/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1855/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1855/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə X3 etibarnamə əsasında verilmiş HYUNDAİ İ30 MİNİK markalı 77XV856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında oğlu Nümayəndə Neftçilər prospekti ilə idarə edərkən “Crescent Mall” ticarət mərkəzinin parklanma sahəsinə daxil olmaq istəmiş, parklanma sahəsinin işləmədiyi məlum olmuşdur. Bu səbəbdən Dəniz Vağzalı qarşısından yenidən Neftçilər prospektinə daxil olub hərəkətini davam etdirmişdir. xx.xx.2025-ci il tarixli protokol əsasında DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı qərar qəbul edilərək barəsində İXM-nin 327.1 -1 -ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, həmin cərimə ona yox HYUNDAİ İ30 MİNİK markalı 77XV856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında oğlu Nümayəndə yazılmalıdır. Bundan başqa, həmin cərimə oğluna yazılsa da belə xx.xx.2025-ci il tarixli protokol əsasında DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı qəbul edilmiş qərar qanunsuzdur. Belə ki, xx.xx.2025-ci il tarixində nəqliyyat vasitəsi Neftçilər prospektində hərəkətdə olarkən, 1.11 nişanlama xəttini keçərək avtobus zolağına, ardınca 1.7 (qırıq-qırıq) nişanlanma xəttini keçərək Dəniz Vağzalını qarşısına keçmiş, Dəniz Vağzalı qarşısında 3.27 yol nişanı (dayanmaq qadağandır) olduğu üçün Nümayəndə nəqliyyat vasitəsini irəli sürmüş, irəlidə Dəniz vağzalı və “Crescent Mall” ticarət mərkəzi arasında olan yola daxil olmaq istəmiş, lakin həmin yolda parklanma sahəsi işləmədiyindən, nəqliyyat vasitəsini geri hərəkət etdirib, daha sonra irəli Neftçilər prospektinə daxil olmaq istəmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin (hərəkətə başlama və manevr etmə) 7-ci bəndini rəhbər tutaraq (nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir) Neftçilər prospektinə yerləşən avtobus zolağına daxil olub. Avtobus zolağına daxil olandan sonra 1.6 yol nişanlanma xəttində (qırıq-qırıq) təsir zonasında avtobus zolağını tərk edərək prospektin ikinci zolağı ilə hərəkətə davam etmişdir. Elektron qərar veriləndən sonra Nümayəndə E-Polis tətbiq vasitəsi ilə inzibati xəta ilə bağlı müraciət etmişdir. Müraciətinə cavab verilmədiyi üçün DİN BDYPİ inzibati binasına yaxınlaşmışdır. Orada müraciət etdikdə ona hərəkət trayektoriyası göstərməkdən yayındılar və cavab olaraq bildirdilər ki, avtobus zolağına daxil olmadan dərhal ikinci zolağı tutmalı idi. Bununla bağlı Nümayəndə DİN BDYPİ-də bildirdilər ki, qeyd etdikləri avtobus zolağında olan 1.6 üfüqi nişanlama xətti (qırıq-qırıq) “COP29” tədbirindən qalandı, indiki məsələyə aidiyyəti yoxdur və 1.1 (bütöv xətt) üstün tutulmalı idi. Nümayəndə hərəkət etdiyi trayektoriya üzrə və yuxarıda DİN BDYPİ əməkdaşının qeyd etdiyi həmin hərəkət arasında ziddiyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsində (birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə) göstərilən hərəkətə görə inzibati məsuliyyət yaradır və 150 manat məbləğində cərimə tətbiq olunur. Qanunun mənasından da göründüyü kimi inzibati xətanın qeydə alındığı ərazidə qırıq-qırıq xətt üstün tutulmuşdur ona görə ki, üfüqi nişanlama xətti 1.1 (bütöv xətt) çəkilməmiş, həmin yerdə 1.6 üfüqi nişanlama xətti (qırıq-qırıq) daha aydın şəkildə görünürdü, daha doğrusu həmin xəttin çəkilməsi üçün nazik xətt qoyulmuşdur Bu səbəbdən də düz xəttin çəkilib-çəkilməməsi şübhə yaratmışdır. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 17:49 radələrində HYUNDAİ İ30 MİNİK markalı 77XV856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən HYUNDAİ İ30 MİNİK markalı 77XV856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 avtomobilini xx.xx.2025-ci il tarixədək idarə edilməsi üçün X4 vermişdir. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən HYUNDAİ İ30 MİNİK markalı 77XV856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 avtomobilini xx.xx.2030-cu il tarixədək idarə edilməsi üçün Nümayəndə vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1.1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28632886 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar