Məhkəmə qərarları › İş №3(009)-1859/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1859/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1859/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 07 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:30-da Səbail rayonu, Teymur Elşin ilə M.Hüseyn küçəsinin kəsişməsində Şəxs idarə etdiyi Porche markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Porche markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobillə Dənizkənarı Bulvar tərəfdən Badamdar istiqamətinə hərəkət edərkən, Səbail rayonu Teymur Elçin küçəsindən Mehdi Hüseyn küçəsinə dönərkən Şəhidlər Xiyabanı tərəf yönələrkən qaz verib hərəkət etmək etmişdir. Bu zaman əks tərəfdə dayanmış Honda markalı avtomaşın sol qabaq tərəfi ilə toqquşmuşdur. Zərbənin təsirindən toqquşduğu avtomobil Mehdi Hüseyn küçəsində əks tərəfdə dayanmışdır. Bir anlıq hadisənin həyəcanından maşını yuxarıda saxlayıb özü qayıtmışdır. Qohumlarına zəng etmiş, onlar hadisə yerinə gəlmişlər. Qohumları ilə birgə onları xəstəxanaya aparmışlar. Hadisə vaxtı sürəti 30-40 km/saat olmuşdur. O təhlükəni toqquşduğu zaman hiss etmişdir. Həmin vaxt avtomobildə tək olmuş, heç bir xəsarət almamışdır. Həmin vaxt spirtli içki və psixotrop maddə qəbul etməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20.20 radələrində qaynı X2 idarə etdiyi Honda Civic markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə arxa oturacaqda qaynı arvadı X1 ilə birlikdə şəhər istiqamətində hərəkətdə olmuşlar. Hadisənin şokunu tam xatırlamasada onlarla toqquşan avtomobil onun əyləşdiyi avtomobilin sol ön hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən o, baş nahiyəsinin sol hissəsindən xəsarət almışdır. Özünə gəldikdə xəstəxanada olduğunu bilmişdir. Bu səbəbdən hadisənin necə və hansı şəraitdə baş verdiyindən məlumatı yoxdur. Hadisə nəticəsində ona dəymiş zərər ödənilmişdir, lakin hələ də müalicə alır. Şikayətçidir, hadisəni törətmiş sürücü Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 657-saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/30265 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Porche markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Teymur Elçin küçəsindən Mehdi Hüseyn küçəsinə dönərkən ehtiyatsızlıq edib əks istiqamətli yola çıxaraq sürücü X2 idarə etdiyi, özünə məxsus Honda Civic markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sərnişini olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş zərəri ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar