Məhkəmə qərarları › İş №3(009)-186/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-186/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-186/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin MN ******* saylı 16 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin MN ******* saylı 16 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi tərəfindən 16 oktyabr 2021-ci il tarixində barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) AZN məbləğində inzibati cərimə olunmuşdur. Əsas kimi göstərilmişdir ki, Səbail rayonu, Badamdar şossesində yerləşən “HOLLYWOOD” adlı obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsinin 17-ci maddəsinə əsasən, “ Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar”. Bildirir ki, o, həmin HOLLYWOOD adlı obyektdə heç bir vəzifə daşımır və müvafiq olaraq heç bir vəzifənin icrası ilə bağlı məsuliyyətə cəlb edilə bilməz. Belə ki, onun pozuntunun olması iddia olan obyektlə heç bir hüquqi bağlılığı mövcud deyil və bunu məsuliyyətə cəlb etmiş şəxslərə yerində izah etmişdir. Hüquqi bağlılığının olmaması həmin obyektə dair sərəncamverici xüsusiyyətlərinin olmaması anlamına gəlir ki, o da həmin yer ilə aidiyyatının və təsir gücünün olmaması deməkdir. İnzibati xətanın onun tərəfindən törədilməsinə yeganə əsas kimi həmin xətanın aşkar olunduğu vaxt onun həmin obyektdə olmağıdır və həmin yer insanların kütləvi baş çəkdiyi yerlərdir onun orda olmağı təəccüblü olmamalıdır. Protokol tərtib edən polis əməkdaşları, hesab edir ki, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət qədər araşdırma aparmamış, onun həmin inzibati xətanın törədilməsində təqsirini sübut edən sübutlar işə əlavə olunmamış və araşdırmamışdır. Dövlət orqanlarının elektron sisteminə çıxışı olması səbəbində müvafiq icra hakimiyyəti orqanının nümayəndələri lazımi həvəs və diqqət göstərmiş olsaydılar inzibati xətanın törədilməsində təqsirli olan şəxsi aydınlaşdırmaq elə də asan olmazdı. Bunun üçün hətta həmin obyektin icarə müqaviləsinə baxmaq kifayət idi. İnzibati iş üzrə qərarın surətini ona təqdim edilməsi ilə bağlı 24.11.2021-ci il tarixli məktubla Səbail Rayon Polis İdarəsinə rəsmi müraciət etmiş, lakin hələ də cavab gəlməmişdir. Həmin protokola əsasən qəbul olunmuş qərar ona lazımi qaydada çatdırılmayıb və bu səbəbdən həmin qərardan şikayət verə bilməmişdir. Qərarın surətini 18.01.2022-ci il tarixində rəsmi qaydada Səbail Rayon Polis İdarəsinin 41-ci bölməsindən təhvil almış və bu qərardan məhkəməyə şikayət verir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilən 16.10.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən qəbul edilmiş 16.10.2021-ci il tarixli MN ******* inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili X5 şikayəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilən 16.10.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən qəbul edilmiş 16.10.2021ci il tarixli MN ******* inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 16.10.2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, 16 oktyabr 2021-ci il tarixində Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Hollywood” çay evində karantin rejimi qaydalarının pozularaq müştərilərə qəlyan təklif edildiyi və ondan istifadəyə şərait yardılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 16.10.2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 16.10.2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 10.09.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanındakı qeyri-yaşayış sahəsi X6 tərəfindən X7 icarəyə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 16.10.2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X4 “Hollywood” çay evində hansı vəzifəni daşıması, necə və hansı şəraitdə inzibati xəta hadisəsini törətməsi , epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə hansı məsuliyyəti daşıması protokol və qərarda öz əksini tapmamışdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X4 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X9 epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X15 oğlunun Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 16.10.2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 16.10.2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 16.10.2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar