Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-186/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, X1, Tələbkarın nümayəndəsi X6, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3408/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs 10000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X7mm xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.Bundan sonra icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün borcluya 10 gün könüllü icra müddəti verilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Borclunun adına daşınar və daşınmaz əmlak, həmçinin bank hesabları aşkar edilməmişdir.xx.xx.2020-ci il tarixdə borclunun ünvanına baxış keçirilmiş borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir.Bu faktın təsdiqi ilə bağlı müvafiq akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Təqdimat xx.xx.2020-ci il tarixə təyin edilmiş və Səbail rayon məhkəməsinin 8(009)- 73/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən borclunun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmuş və qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə şöbəyə çağırılmış və izahatı alınmışdır. İzahatında hər 3 aydan bir əməliyyat olduğu üçün yalnız aylıq pensiyadan 130 manat ödəniş edə biləcəyini bildirmişdir. Borclu Şəxs barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Səbail rayon məhkəməsinə təqdim edilmişdir. Səbail rayon məhkəməsinin 3(009)-1448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Borcluya icra sənədinin icrasını təmin etmək üçün dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, eyni zamanda istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefon ilə əlaqə saxlanılmış, o, isə öz növbəsində səhhətində yaranmış problemlərlə bağlı xəstəxanada olduğunu, sonrakı müddət ərzində həkim nəzarətində olacağını, səhhətində müsbət irəliləyişlər əldə edildiyi təqdirdə icra şöbəsinə gələ biləcəyini telefon vasitəsilə bildirmişdir. Borclu icra sənədinin icrasından yayındığından onun barəsində icra məmuru tərəfindən 10 oktyabr 2022-ci il tarxinində məcburi gətirmə haqqında qərar qəbul edilərək borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Bundan sonra borclu təkrarən icra şöbəsinə gəlməkdən boyun qaçırdığından onun barəsində məcburi gətirmə ilə bağlı təqdimatla xx.xx.2022-ci il tarixində Səbail rayon məhkəməsinə müraciət olunmuşdur.Səbail rayon məhkəməsinin 8(009)-439/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş. Sözügedən qərardad qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Səbail rayon Polis İdarəsinə rəsmi qaydada təqdim edilmişdir. Eyni zamanda borclunun pensiyasının 50%-nin tutulması ilə bağlı inkasso sərancamları icra edilməsi üçün xx.xx.2022-ci il tarixdən başlayaraq banka göndərilmiş, 4 ay müddətində 640,81 manat pul vəsaiti borclunun pensiyasından tutularaq Səbail rayon İcra şöbəsinin tələbin köçürülməsi üçün nəzərdə tutulmuş ümumi hesabına köçürülmüşdür. Borclu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə şöbədə olarkən ondan yazılı izahat alınmışdır. İzahatında məhkəmə qərarından xəbərdar olduğunu bildirmiş, icra sənədində qeyd olunan borc məbləğini tam şəkildə ödəməyə maddi durumunun eyni zamanda səhhətinin imkan vermədiyini, pensiyasından- 50 faizin borc məbləğinə tutulduğunu və müalicə xərclərinin yaxınlarının maddi dəstəyi ilə təmin edildiyini qeyd etmişdir.Həmçinin icra məmuru tərəfindən borcluya icra sənədinin icrasının könüllü və məcburi qaydaları, hüquq və vəzifələri o cümlədən qanununvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti daşımağı barədə xəbərdar olundu. İş üzrə tələbkar tərəf isə öz növbəsində icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hazırda maddi vəziyyəti və sağlamlığı borcu birdəfəlik ödəməyə imkan vermir. 2-ci qrup əlildir. O, hər ay depozit hesabına 160 manat məbləğində pul ödəyir. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, borcunu tam məbləğdə borcludan tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X9 bildirmişdir ki, borclu maddi vəziyyətini aşağı göstərmək məqsədilə öz adına heç bir əmlakı rəsmiləşdirmir. Tələbkar borcunu tam məbləğdə borcludan tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3408/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs 10000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X7mm xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkarlanmamışdır. Həmçinin, borclunun pensiyasının 50%-nin tutulması ilə bağlı inkasso sərancamları icra edilməsi üçün xx.xx.2022-ci il tarixdən başlayaraq banka göndərilmiş, 4 ay müddətində 640,81 manat pul vəsaiti borclunun pensiyasından tutularaq Səbail rayon İcra şöbəsinin tələbin köçürülməsi üçün nəzərdə tutulmuş ümumi hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraat rədd edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxsn əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclunun mülkiyyətində heç bir əmlakı mövcud deyildir. Bundan başqa hər ay borcun ödənilməsinin təmini üçün borclunun pensiyasının 50 faizi məbləğində tutulmalar edilir və icra şöbəsinin depozit hesabına köçürülür. Qeyd olunan pensiya məbləğindən başqa borclunun digər heç bir daimi gəlir yeri yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəm aktının icrasından qərəzli olaraq yayınma halı mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-186/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-186/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver