Məhkəmə qərarları › İş №3(009)-186/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-186/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-186/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 18 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 18 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə 01:00 radələrində özünə məxsus Saipa 132 SE minik markalı, ** EB *** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə Bakı şəhəri, Səbai rayonu, Xəqani küçəsi ilə hərəkətdə olan zaman arxadan gələn Changan markalı avtomaşın onun idarə etdiyi maşına çırpılmışdır. Hadisə yerinə düşüb baxdıqda günahın onda olması müəyyən olunmuşdur. Lakin o tələsdiyindən bütün sənədləri ona verdikdən sonra çıxıb getmişdir. X5 Polisi idarəsinə dəvət olunmuşdur. Həmin gündə spirtli içkinin müayinəsindən keçməyinə dair protokol tərtib olunub. X6 idarəsindən onun günahkar olduğumu bildirdilər. Hansı ki ona məxsus avtomobili digər avtomobil arxa hissəsindən zədələmişdir. X6 idarəsində ona İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1 -ci maddələri ilə protokol tərtib edilərək 100 manat miqdarında cərimə olunmuşdur. X6 idarəsi tərəfindən qəbul edilmiş qərarla razı deyil. Qərarı isə X6 idarəsinə müraciət etdikdən sonra 13 yanvar 2025-ci il tarixdə əldə etmişdir. Məhkəmə iclasında iştirak edən X3 Əzim oğlu şikayətdə qeyd edilənləri müdafiə edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 18 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 18 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “SAİPA 132 SE” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixində, saat 00:50 radələrində İXM-in 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş DVD diskdən görünür ki, X4 ikinci hərəkət zolağından ani manevr edərək parklanma zonasına daxil olaraq xəta hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin Bakı şəhər DYPİ-nin 14 noyabr 2024-cü il tarixli İXP6689828 saylı inzibatı protokol əsasında qəbul olunmuş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Qeyd:

1. Bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.

7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. 7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin Bakı şəhər DYPİ-nin 14 noyabr 2024-cü il tarixli İXP6689828 saylı inzibatı protokol əsasında qəbul olunmuş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin Bakı şəhər DYPİ-nin 14 noyabr 2024-cü il tarixli İXP6689828 saylı inzibatı protokol əsasında qəbul olunmuş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar