Məhkəmə qərarları › İş №3(009)-1860/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1860/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1860/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində üç azyaşlı uşağı olan, Yardımlı rayonu, Ostayır kəndində qeydiyyatda olan, Zabrat qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:18 radələrində Səbail rayonu, Xəqani otelində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu barədə Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X2 tərəfindən 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:18 radələrində Səbail rayonu, Xəqani otelində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs içkinin təsiri altında olduğunu, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:18 radələrində Səbail rayonu, Xəqani otelində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluğun müəyyən edilməsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşman olması və himayəsində azyaşlı uşaqlarının olmasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə yüngülləşdirən və ağırlaşdıran halların olmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, himayəsində on dörd yaşınadək uşağı olduğunu nəzərə alaraq, Şəxs cərimə növündə inzibati tənbehin yuxarı həddinin 3/4 çox olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 14 avqust 2024-cü il tarixdə saat 05:00 -dan 14 avqust 2024-cü il saat 17:20-dək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 100 (bir yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilməli və üzərində 75 (yetmiş beş) manat (yuxarı hədd 100 ¼ çıxıldıqda 75) məbləğində inzibati cərimə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə tətbiq edilsin. O dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar