Məhkəmə qərarları › İş №3(009)-1867/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1867/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1867/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, DİN-in BMCMİ-nin əməliyyat müvəkkili X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və Beyləqan rayonu, Nizami küçəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in BMCMİ tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 16 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:15-də ünvan 1 ünvanın yaxınlığında ictimai asayişi pozaraq xırda xuliqanlıq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılarkən onların qanuni tələblərinə məhəl qoymamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 iyul 2025-ci il tarixdə, saat 13:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş DİN-in BMCMİnin əməliyyat müvəkkili X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o, stomatoloqdur. Hadisə “AAA” Estetik Mərkəzində, iş yerinin qarşısında olmuşdur. 7-8 ay öncə dişini müalicə etdiyi xəstə pulunu ödəmədiyi üçün ona zəng edərək pulunu tələb etmiş, o isə onu söyməyə başlamışdır, bunun qarşılığında o da əsəbiləşmiş və həmin şəxslə mübahisə edərək onu söymüşdür. Ailəli olmaqla himayəsində iki azyaşlı uşağı və yaşlı ana – atası var, Beyləqandan ailəsini Bakıya gətirmişdir. Qeyd olunanların nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ərazidə xidmət apararkən şəxsin yüksək səslə danışıb, söyüş söydüyünü görüb yaxınlaşmışlar. Özlərini təqdim etmiş, xəbərdarlıq etmişlər. Lakin, o, onların tələblərinə məhəl qoymamış, hərəkətlərinə davam etmişdir, başqa insanlar da əraziyə toplaşmağa başlamışlar. Bundan sonra məcbur olub onu bölməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ərazidə günorta saatlarında xidmət apararkən şəxsin yüksək səslə danışıb, söyüş söydüyünü görüb yaxınlaşmışlar. Onlar mülki geyimdə olmuş, özlərini təqdim etmiş, nizam-intizama dəvət etmişlər. Xəbərdarlıq etsələr də, o, onların tələblərinə məhəl qoymamışdır, buna görə də onu bölməyə təmin etmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğumuz zaman saat 13:15-da ünvan 2 ünvanın yaxınlığında bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söyməklə ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsini görüb ona yaxınlaşdıq. Özümüzü təqdim edib onu nizam-intizama dəvət edərək qanunsuz hərəkətlərinə son qoyması barədə xəbərdarlıq etdik. Həmin şəxs bizim polis əməkdaşı olduğumuzu bildikdə daha da aqressiv formada öz hərəkətlərinə davam etdiyi üçün onu polis idarəsinə dəvət etdik. Lakin o, bizim qanuni tələbimizə qəsdən tabe olmayaraq ucadan nalayiq ifadələr işlədir, səs-küy salaraq ətrafda olan şəxslərin diqqətini özünə cəlb edirdi. Həmin şəxs tərəfimizdən saxlanılaraq, Baş İdarəyə gətirildi. Baş İdarədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1988-ci ildə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Şəxsdur. Qeyd olunanları nəzərə alaraq, Şəxs qanunsuz hərəkətləri barədə müvafiq tədbir görülməsi xahiş edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16 iyul 2025-ci il tarixində, saat 13:15 radələrində ünvan 2 ünvanın yaxınlığında ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 25 (iyirmi beş) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan - 16 iyul 2025-ci il tarixindən, saat 13:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 iyul 2025-ci il tarixdən, saat 13:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar