Məhkəmə qərarları › İş №3(009)-1869/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1869/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1869/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi və vəkili X8 iştirakı ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" Birgə Müəssisəsi Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək H.Q.Həsənovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər İdarəsinin (bundan sonra İdarə) xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" Birgə Müəssisəsinin baş direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, barəsində 1800 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarın surətini poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada əldə etmişlər. Hesab edirlər ki, İdarənin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və "xxxx" Birgə Müəssisəsinin baş direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-in 192.6-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İdarənin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın qəbul edilməsinə əsas işçilər X10, X6 və X1 barəsindəki əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi olmuşdur. Həmin qərara əsasən "xxxx" B.M-in baş direktorunun İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı (işçilərin əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) törətməsi müəyyən edilmiş və onun barəsində 1800 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X14 ilə xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə 384 К saylı əmrlə xitam verilmişdir. Həmçinin, X11 ilə xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə 200 К saylı əmrlə xitam verilmişdir. Eləcə də, X4 ilə xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə 558 К saylı əmrlə xitam verilmişdir. Hər üç işçi barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) istinadən verilmişdir. Hər üç işçi ilə bağlanmış əmək müqaviləsinin 9-cu bölməsi əmək müqaviləsinə xitam verilməsindən bəhs edir. Müqavilənin 9.5-ci bəndində tərəflər əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əlavə hal müəyyən etmişlər. Həmin əlavə hal ondan ibarətdir ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Tərəflər (işçilər və işəgötürən) əmək müqaviləsini öz imzaları ilə təsdiqləmiş, müqavilənin şərtlərini könüllü qaydada razılaşdırmışlar. Hər üç işçi X13 Xidmətinə etdikləri müraciətlərindəşikayətlərində onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi hallarından şikayət etməmiş, sadəcə əlavə kompensasiya ala bilmədiklərindən şikayətlənmişlər. Lakin DƏMXnin Bakı şəhər İdarəsi şikayətdə göstərilənlərdən əlavə araşdırma aparmış və işəgötürən "xxxx" Birgə Müəssisəsinin baş direktorunun barəsində inzibati cərimə tətbiq etməkdə israrlı olmuşdur. İdarənin işəgötürən "xxxx" Birgə Müəssisəsinin baş direktoru X5 barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarda əmək qanunvericiliyinin (Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinin) tələblərinin pozularaq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı göstərilənlərlə qətiyyən razı deyillər. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilmə əsaslarını müəyyən etmişdir. Həmin əsaslardan biri də tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır (2-ci hissənin "e" bəndi). Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsində deyilir ki, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Eyni maddənin 2-ci hissəsində isə deyilir ki, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallar nəzərdə tutula bilər. Maddənin 2-ci hissəsinin "d" bəndində göstərilən "bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar" həmin əlavə hallardan biridir. Maddənin məzmunundan görünür ki, tərəflər əmək müqaviləsinə xitam verilməsinin əlavə hallarını əmək müqaviləsində müəyyən edə bilərlər. Həmçinin, bu əlavə hallar tərəflərin razılığı ilə əmək müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, hər iki norma səlahiyyətverici norma olmaqla, işçi və işəgötürən üçün məcburedici əhəmiyyəti yoxdur. Hər iki bənddə əlavə halların əmək müqaviləsində və tərəflərin razılığı ilə nəzərdə tutula bilməsi göstərilmişdir. Hazırki halda, Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev ilə "xxxx" B.M. arasında bağlanmış əmək müqavilələrində tərəflərin müəyyən etdiyi əlavə hal müqavilənin 9.5-ci bəndində nəzərdə tutulmuşdur. Hər üç əmək müqaviləsində qeyd edilənlərdən əlavə tərəflər hər hansı əlavə halı qarşılıqlı razılığa əsasən əmək müqaviləsində müəyyən etməmişlər. İdarə isə, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə istinad etməklə, işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürənin yazılı formada məcburi öhdəlik götürməli olduğu nəticəsinə gəlməklə, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olması əsası ilə inzibati cərimə tətbiq etmişdir. Lakin işəgötürən olaraq hesab edirlər ki, adı çəkilən Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndində göstərilən hal birincisi, əmək müqaviləsində nəzərdə tutula bilər, ikincisi, bu hal tərəflər arasında qarşılıqlı razılıqla müəyyən edilə bilərdi. Üçüncüsü, 75-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə əsasən, əmək müqaviləsində tərəflər digər halları da müəyyən edə bilərlər. Qeyd etməliyik ki, işəgötürən "xxxx" B.M. və işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev arasındakı əmək münasibətlərində hüquq bərabərliyi və onlar arasında bağlanmış əmək müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin icrasına təminat verilməsi prinsipləri əsas götürülməlidir. Heç bir halda, əmək müqaviləsi üzrə işçilərin hüquqları işəgötürən "xxxx" B.M-dən üstün sayılmamalı (və əksinə) və müqavilədə nəzərdə tutulmayan öhdəliklərin icrası, onlara təminat verilməsi işəgötürən "xxxx" B.M.dən tələb edilməməlidir. Bununla yanaşı, Əmək Məcəlləsinin 75-ci maddəsinin 4-cü hissəsində deyilir ki, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Bu maddənin də məzmunundan aydın olur ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsində müəyyən edilən hallar əmək müqaviləsinə daxil edilə bilər. Əgər işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev və işəgötürən "xxxx" B.M. arasında bağlanmış əmək müqavilələrində Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hallar nəzərdə tutulmayıbsa, bu yalnız tərəflər arasında fərdi əmək mübahisəsinin yaranmasına səbəb ola bilər. Belə ki, Məcəllənin əsas anlayışlarından bəhs edən 3-cü maddənin 16-cı bəndində göstərilir ki, fərdi əmək mübahisəsi əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmçinin, Məcəllənin 287-ci maddəsinə görə, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda Məcəllənin 288-ci maddəsində yaranmış fərdi əmək mübahisələrinin həlli zamanı tənzimlənən məsələlər sadalanmışdır. Bunlara əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ("a" bəndi), əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi ("k" bəndi) aiddir. Sadalanan hallardan aydın olur ki, işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev ilə işəgötürən "xxxx" B.M. arasında bağlanmış əmək müqavilələrində hər hansı şərtin nəzərdə tutulması, onun dəyişdirilməsi və bu müqavilə ilə əlaqədar əmək qanunvericiliyinin pozulmasına dair digər məsələlərin tətbiq edilməsi fərdi əmək mübahisəsinin predmeti hesab edilməlidir. Məcəllənin 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Belə olan halda hesab edirlər ki, işçilər Azər Əbilov, Namaz İsmayılov, Rahim Allahverdiyev və işəgötürən "xxxx" B.M. arasında bağlanmış əmək müqavilələrində hər hansı şərtin nəzərdə tutulmaması və ya hər hansı əlavə halın daxil edilməməsi İdarə tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı pozuntuya yol verilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, tərəflər arasındakı əmək müqavilələrinin şərtləri ilə bağlı yaranmış fərdi əmək mübahisəsində inzibati tənbeh haqqında qərar qəbul etmiş İdarə heç bir halda tərəf kimi çıxış edə bilməz. Qısacası, işəgötürən "xxxx" B.M. tərəfindən işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev ilə bağlanmış əmək müqavilələrində iş həcminin azalması əsası ilə hər bir əmək müqaviləsinə xitam verilməsi əlavə halı zamanı, işəgötürənin işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə yazılı formada məcburi öhdəlik götürməli olması, tərəflər arasındakı əmək müqaviləsində nəzərdə tutulmalı olan bir hal olduğundan və bu halla əlaqədar tərəflər arasında fərdi əmək mübahisəsi yaranmadığından idarənin bunu əmək müqaviləsinə xitam verilməsi (əmr verilməsi) zamanı qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməsi və "xxxx" B.M.-in işəgötürəni barəsində inzibati xəta haqqında protokol tərtib edərək inzibati tənbeh vermə barədə qərar qəbul etməsi əsassız və yolverilməzdir. Bütün bunlarla yanaşı, Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Sadalanan normanın tələblərinə uyğun olaraq, işəgötürən "xxxx" B.M. işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev ilə aralarında bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin müvafiq bəndi ilə xitam vermişdir. Əmək qanunvericiliyi ilə tərəflər arasındakı əmək müqaviləsinə iki və daha artıq əsasla xitam verilməsinə yol verilmədiyindən, işəgötürən "xxxx" B.M.-in işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyevin əmək müqaviləsinə həm Əmək Məcəlləsinin 68-ci maddəsində, həm də 75-ci maddəsində nəzərdə tutulan əsasla xitam verməsi mümkünsüzdür. Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin "b" bəndinə əsasən işəgötürənin əsas hüquqlarından biri hesab olunur. "xxxx" B.M.-də işəgötürən olaraq bu hüququndan istifadə edərək, hər üç işçi ilə aralarında bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndi ilə xitam vermişdir. Hesab edirlər ki, İdarənin işəgötürən "xxxx" B.M.-in işçilər Azər Əbilov, Namaz İsmayılov və Rahim Allahverdiyev barəsindəki əmək müqavilələrinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinin tələblərinin pozularaq xitam verilməsini İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi kimi qiymətləndirməsi yolverilməzdir, çünki bu ən yaxşı halda, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işçilər tərəfindən qaldırıla bilən fərdi əmək mübahisəsinin predmeti ola bilər (hal-hazıradək belə bir mübahisə mövcud deyil). Buna görə də İdarənin işəgötürən "xxxx" B.M.-in baş direktorunun əməllərini əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinə görə onun barəsində cərimə inzibati tənbeh tədbirini tətbiq etməsi qanunsuz və əsassız olduğundan qərar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən, "xxxx" Birgə Müəssisəsinin baş direktoru X5 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini və H.Q.Həsənovun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi və vəkili X15 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə qərarından şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9, X3 əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinin tələblərinin pozularaq xitam vermişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işçilər X10, X6 və X1 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilmiş və bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1800 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Birgə Müəssisəsinin Baş direktoru X9 ilə işçi X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi adlanan 9-cu bəndin 5-ci hissəsində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi əlavə hal kimi yalnız “Bu müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməsi” müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə 384/K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 əmək müqaviləsinə 23 avqust 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən son haqq-hesab ödənilməklə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Birgə Müəssisəsinin Baş direktoru X9 ilə işçi X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi adlanan 9-cu bəndin 5-ci hissəsində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi əlavə hal kimi yalnız “Bu müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməsi” müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə 200/K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 əmək müqaviləsinə 10 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən son haqq-hesab ödənilməklə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Birgə Müəssisəsinin Baş direktoru X9 ilə işçi X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi adlanan 9-cu bəndin 5-ci hissəsində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi əlavə hal kimi yalnız “Bu müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməsi” müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə 558/K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 əmək müqaviləsinə 14 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən son haqq-hesab ödənilməklə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin e) bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İş materiallarından göründüyü kimi "xxxx" Birgə Müəssisəsinin Baş direktoru X9 ilə işçlər X14, X11 və X4 arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinin tələblərinə əməl edilməmiş, yəni tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsi barədə hallar əmək müqaviləsinə hökmən daxil etməli olduğu halda əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi adlanan 9-cu bəndin 5-ci hissəsində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi əlavə hal kimi yalnız “Bu müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməsi” müəyyən edilmişdir. Əmək müqaviləsində qeyd edilən haldan başqa tərəflər hər hansı əlavə halı müəyyən etməmişlər. Bununla belə əmək müqaviləsinə “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”a istinad etməklə xitam verilmiş, bu zaman işgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6.-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqındaqərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 128-130, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Birgə Müəssisəsinin Baş direktoru X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar