Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1872/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə nalayiq ifadələr işlədərək PB-nin iş rejimini kobud şəkildə pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli AZ ******* saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 iyul 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində Şıxovda dəniz kənarında öz dostları ilə səsli danışmış, insanlara narahatlıq yaratmışlar. Lakin, polis əməkdaşlarının tələblərinə tabesizlik göstərməmişdir. Səhv etmiş, polis əməkdaşlarından üzr istəmişdir. Evlidir, iki azyaşlı uşağı var. Salyanda yaşayır, bazarda fəhlə kimi işləyir, Bakıya tətilə gəlmişdir. Əməlindən peşmandır, inzibati cərimə tətbiq olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmadığından həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddə ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:25 radələrində ƏÇPA-ın 4-cü PB-nin əməkdaşları tərəfindən PB-yə gətirilən Şəxs sərxoş halda yüksək səslə ünvanlı nəlayiq ifadələr işlədərək PB-nin iş rejimini kobud şəkildə pozması faktları aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxmini 18:30 radələrində xidmətdə olarkən 1 nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görüb dərhal ona yaxınlaşıb özlərini təqdim etmiş, bu cür hərəkətlərə son qoymağını tələb etmişlər. Həmin şəxs onların sözlərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. İş materialına əlavə edilmiş 16 iyul 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluq dərəcəsində olmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16 iyul 2025-ci il tarixdə polis bölməsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə yanaşı, İXM-nin 535.1-ci maddəsi ilə də protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən, yəni onun polis əməkdaşının qanuni tələbinə tabe olmaması hərəkətlərinə yol verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxsin ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi kimi hərəkətlər İXM–nin 510-cu maddəsi ilə əhatə olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdə ifadə olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə, həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 18:00-da) inzibati qaydada tutulduğunu nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə aid hissəsində xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1872/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1872/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver