Məhkəmə qərarları › İş №3(009)-1873/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1873/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1873/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Beyləqan rayonu, Yuxarı Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Beyləqan rayonu, Yuxarı Çəmənli ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Əhəd Yaqubov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli AZA 026375 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 iyul 2025-ci il tarixdə, saat 16:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, 12 iyul 2025-ci il tarixində battle rap tədbirində iştirak etmiş, layihə iri miqyaslı olduğundan Azərbaycan dilində iştiraka razılaşmışdır. Konsert zamanı video çəkiliş aparılması nəzərdə tutulmamışdı, qeyri-etik ifadələrin istifadə edilməsi barədə təşkilatçıları xəbərdar etmişlər, lakin təşkilatşılar onlara narahat olmamağı, məsuliyyətin onların üzərində olmadığını bildirmişlər. Onun 45 dəqiqəlik çıxışında cəmi 3 dəfə qeyri-etik ifadədən istifadə edilmiş, lakin həin sözlər kiminsə şəxsiyyətini alçaldan sözlər olmamışlar. Onu bölməyə dəvət edəndə o, dərhal 15 dəqiqəyə özünü bölməyə çatdırmışdır. İlk dəfədir belə hal baş verir. Ailəyə maddi baxımdan əsas o baxır. İXM-nin 510-cu maddəsinə uyğun olaraq cərimə ilə tənbeh edilməyini məhkəmədən xahiş edir. İXM-nin 535-ci maddəsilə özünü təqsirli bilmir, çünki polisə tabesizlik göstərməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2025 konsert tədbiri zamanı nalayiq ifadələr istifadə edilmişdir. Şəxs bölməyə dəvət edilmiş, bölmənin qarşısında ona video görüntülərin olması bağlı məlumat verilmiş və o buna etirazını bildirmişdir. Sonra hərəkətlərini davam etdirib bölmədə də aqressivlik göstərmiş, nalayiq ifadələr işlətmişdir. Şəxs polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman sarayının ərazisində keçirilən konsert tədbiri zamanı xx.xx.1999-cu il tarixdə Beyləqan rayonundan anadan olmuş, Beyləqan rayonu, Çəmənli kəndində qeydiyyatda olan Şəxs səsləndirdiyi rep zamanı nalayiq ifadələr işlətməsi səbəbindən xx.xx.2025-ci il tarixdə Səbail RPİnin 8-ci PB-ə dəvət edilmiş, sonuncu PB-nin qarşısında olan zaman nalayiq ifadələr səsləndirməyə davam etdiyindən onu nizam intizama dəvət etsəkdə o qanunsuz əməllərinə davam edərək polisin qanuni tələbinə məhəl qoymamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16 iyul 2025-ci il tarixdə ünvan 2 ünvanında ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 25 (iyirmi beş) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan - 16 iyul 2025-ci il tarixindən, saat 16:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 iyul 2025-ci il tarixdən, saat 16:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar