Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1874/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 24250,00 ABŞ dolları vəsaiti 16 iyun 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 24250,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 17 iyun 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, mallar ölkəyə idxal edilmiş və gömrük bəyannamələri tam şəkildə bəyan edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən 24250,00 ABŞ dolları məbləğində avans ödənişi aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan bank məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarxidə “Mashreqbank PSC Swift Bomlaeadxxx” banka “AHİ Carrier FZC” hüquqi şəxsinin hesabına hesabına 24250,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarxili, ST3211532 nömrəli proforma-invoys sənədindən görünür ki, "xxxx" MMC “AHİ Carrier FZC” hüquqi şəxsindən 24250,00 ABŞ dolları məbləğində mallar alınmışdır. İş materiallarına əlavə edilmiş **********1621 saylı gömrük bəyannamələrindən görünür ki, 24250,00 ABŞ dolları məbləğində mallar "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 14 iyul 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Aşağıda qeyd edilənərə əsasən protokol qanunsuz və əsassız hesab edilir. Bildirilir ki, "İSR Kapital İnvestments” MMC ilə “AHİ Carrier Fzc” şirkəti arasında HBK20231304/AHİC nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən AHİ Carrier Fzc şirkəti ("Satıcı") tərəfindən "xxxx" MMC-yə müvafiq əlavəyə uyğun olaraq “Carrier və Toshiba" ehtiyat hissələrinin satışının həyata keçirilməsini, "xxxx" İnvestments MMC isə qeyd edilənlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilən müqavilənin 4.1-ci maddəsində qeyd edilmişdir ki, ödəniş "Proforma Faktura” təqdim edildikdən sonra Satıcının bank hesabına əvvəlcədən ödəniş kimi həyata keçirilir. Məlumat üçün bildirilir ki, “AHİ Carrier Fzc şirkəti tərəfindən qeyd edilən müqavilə şərtlərinə uyğun olaraq aşağıdakı fakturalar təqdim edilmiş və həmin fakturalara uyğun olaraq "xxxx" MMC tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. 1. 27 sentyabr 2023-cü il tarixli, 31018432 nömrəli faktura üzrə “MX4B-SD-400-4-4-HB-LVSS Panel" adlı avadanlıq üçün 18,750.00 ABŞ dolları; 2. 27 sentyabr 2023-cü il tarixli, 31018433 nömrəli faktura üzrə “19XR-503---152--EF X1" adlı xidmət 3,570.00 ABŞ dolları; 3. 22 may 2024-cü il tarixli, 38000042 nömrəli faktura üzrə “SERVİCE REPAİR-371056 – Service Repair" adlı xidmətlər üçün 20,680.00 ABŞ dolları; Qeyd edilən fakturalara əsasən isə “İSR Kapital İnvestments" MMC tərəfindən ümumilikdə 43,000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Hal-hazırda inzibati xəta haqqında iş üzrə icraatın əsası kimi İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 430.4-cü maddəsinə nəzərdə tutulmuş əməlin törədilməsi qeyd edilmişdir. Belə ki, etiraz bildirilən protokolda qeyd edilmişdir ki, “İSR Kapital İnvestments" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 430.4-cü maddəsində isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Halbuki, "xxxx" MMC tərəfindən "AHİ Carrier Fzc” şirkətinə həyata keçirilmiş ödənişlər yalnız sənaye təyinatlı avadanlıqların alğı-satqısını deyil, həm də həmin avadanlıqların istismara yararlı vəziyyətə gətirilməsi üçün zəruri olan peşəkar texniki xidmətlərin dəyərini əhatə etmişdir. Bu xidmətlər beynəlxalq ticarət və mühəndislik praktikasında "İnitial Start-up", "Configuration", "Testing", "Commissioning" və "Site Supervision" kimi qəbul olunan texniki əməliyyatlardır və yalnız istehsalçı və ya onun səlahiyyətli texniki tərəfdaşları tərəfindən göstərilə bilər. Bu halların hər biri isə “Mərkəzi Bank” tərəfindən məhkəməyə təqdim edilmiş və "xxxx" MMC ilə AHİ Carrier Fzc arasında imzalanmış SS/SER/230462-R nömrəli, xx.xx.2023-cü il tarixli kommersiya təklifində də (Quotation) öz əksini tapmışdır. Belə ki, sözügedən sənəddə "Charges towards Supply & İnitial Start-up of X4 X3 (with Carrier İSM controller)" ifadəsi ilə 43,000 ABŞ dolları dəyərində təqdim edilən avadanlıq və xidmətin həm təchizat, həm də ilkin işə salınma proseslərini əhatə etdiyi açıq şəkildə göstərilmişdir. Təyinat üzrə bu starter panel yalnız Carrier 19XR (Frame #3) soyuducusu ilə birlikdə işləmək üçün nəzərdə tutulmuşdur və aşağıdakı texniki göstəricilərə malikdir: 415V gərginlik, 50Hz tezlik, 581A cərəyan gücü, bypass ilə təchiz olunmuş, 581A-lıq dövrə açıcı ilə təmin edilmiş, və ölçüləri 1200 x 600 x 2000 mm-dir. Həmçinin tərəflər arasında imzalanmış 17 may 2024-cü il tarixli “qəbul aktları" (act of acceptance) əsasən, müqaviləyə uyğun olaraq ümumi dəyəri 3,570 ABŞ dolları (Üç min beş yüz yetmiş ABŞ dolları) olan "X5 paneli ilə İSM inteqrasiyasının konfiqurasiyası və sınaqdan keçirilməsi xidməti" AHİ Carrier Fzc tərəfindən tam şəkildə icra edilmişdir. Həmçinin eyni tarixli digər qəbul aktına əsasən isə ümumi dəyəri 20,680.00 (iyirmi min altı yüz səksən) ABŞ dolları olan "Carrier 19XR (Çərçivə №3) soyuducusu ilə işləmək üçün nəzərdə tutulmuş, Carrier İSM kontrollerli döşəməüstü aşağı gərginlikli Solid Starter panel yığmasının quraşdırılması, sınaqdan keçirilməsi, ilkin işə salınması və təhvil verilməsi zamanı sahəyə nəzarət üzrə əmək haqqı xərclərini əhatə edən xidməti" AHİ Carrier Fzc tərəfindən tam şəkildə icra edilmiş və "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Hal-hazırda qeyd edilən avadanlıq "xxxx" MMC-yə məxsus olan binada ("Hilton oteli") həmin avadanlıq quraşdırılmış və bugünədək də çalışmaqdadır. Əlavə olaraq qeyd edilir ki, qeyd olunan xidmətlərin hər biri texniki baxımdan olduqca yüksək ixtisas və istehsalçıya spesifik texnoloji bilik tələb edir. Ona görə də bu cür xidmətlərin yerli əməkdaşlar tərəfindən və ya qeyri-ixtisaslaşmış şəxslər vasitəsilə icrası mümkün deyildir. Beynəlxalq kommersiya təcrübəsində bu kimi xidmətlər müqavilədə birbaşa nəzərdə tutulmasa da, faktiki yerinə yetirildiyi və tərəflər tərəfindən qəbul olunduğu halda hüquqi qüvvəyə malikdir və ödənişlərin əsası kimi tanınır. Bütün hallar isə bir daha təsdiq edir ki, həyata keçirilmiş beynəlxalq ödəniş yalnız malların alışına deyil, həm də onların düzgün şəkildə işlək vəziyyətə gətirilməsi üçün zəruri olan texniki xidmətlərə görə edilmişdir. Bu halların hər biri isə hazırkı etiraz qoşma kimi əlavə sənədlərlə (fakturalar, təhvil aktları, fotoşəkillər və s.) tam şəkildə sübut olunur. Əlavə olaraq bildiririk ki, göstərilən xidmətlər malların fiziki tərkibinə daxil olmadığından gömrük bəyanında əks olunması nəzərdə tutulmur və bu, valyuta tənzimi qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlər və təqdim edilən sənədlər əsasında hesab edilir ki, "xxxx" MMC-nin fəaliyyətində hər hansı qanun pozuntusu və ya əsassız ödəniş halı mövcud deyildir. Bu səbəbdən "xxxx" MMC (bundan sonra- Cəmiyyət) tərəfindən İXM-in 430.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və sonuncu barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati məsuliyyət tədbiri üçün heç bir hüquqi əsası yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 24250,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank sənədinə əsasən bankda olan hesabından 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 24250,00 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1874/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1874/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver