Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1896/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 21 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-175/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə icra sənədi üzrə ümumilikdə 7.155 manat məbləğində borcu yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-175/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə borclu barəsində axtarış elan edilmişdir. Borclu axtarış qərarı əsasında xx.xx.2025-ci il tarixdə icra qurumuna gətirilmiş və izahatı alınmışdır. Borclu barəsində müxtəlif vaxtlarda 2 dəfə eyni əsaslarla inzibati xəta haqqında protokol tərtib olunsa da zərərçəkmiş şəxs tərəfindən aralarında yaranmış şifahi razılıq əsasında hər iki halda borcun ödənilməsi üçün Şəxs vaxt verilmiş, lakin yaranmış aliment borcu ödənilməmişdir. Hazırki vaxtadək zərərçəkmiş şəxsin xeyrinə cəmi 1635 manat ödənilmiş, 7155 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclu bu gün də maddi vəziyyətinin pis olmasını qeyd edərək heç bir ödəniş etməmişdir. Borclunun adına hər hansı əmlak aşkar edilməmiş və ya gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, işləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Anası ilə birgə yaşadığı evi satışa çıxardığını, ev satılacağı halda borcu bağlaya biləcəyini qeyd etmişdir. Hazırda isə heç bir ödəniş edə bilmir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda yaranmış aliment borcu 8000 manata yaxındır.Onun tərəfindən borcluya borcunun ödənilməsi üçün 2 dəfə şans verilsə də borclu yaranmış aliment borcunun ödənilməsi üçün hər hansı addım atmamış, borc artmaqda davam etdmişdir. Məhkəmədən borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-175/2024 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-175/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildirişi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-175/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya həmin tarixdə rəsmi qaydada verilmişdir. Borclu icra sənədi üzrə qismən ödənişlər etmiş, lakin ödənişləri tam etmədiyi üçün hazırda onun 7155 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs tərəfindən borcluya yaranmış aliment borcunun ödənilməsi üçün hazırki vaxtadək 2 dəfə şərait yaradılsa da (belə ki, müxtəlif vaxtlarda eyni əsaslarla borclu barəsində 2 dəfə inzibati xəta haqqında protokol tərtib edilmiş, borclu ilə zərərçəkmiş arasında yaranan şifahi razılıq əsasında iş üzrə icraata xitam verilmişdir) borclu tərəfindən nəinki borcun ödənilməsi, aliment borcunun azaldılması istiqamətində belə addım atılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 21 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 21 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1896/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1896/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver