Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1898/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X12 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 24 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 24 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarı aşağıda qeyd edilənlərə əsasən qanunsuz və ədalətsiz qərardır. Bu qərar ilə Müfəttişlik "xxxx" MMC tərəfindən yol verilən inzibati xətaya görə Cəmiyyətin direktorunu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1200 manat cərimə etmişdir. Bununla bağlı bildiririk ki, altıgünlük iş həftəsində çalışan X1 iş vaxtı tabelləri Müfəttişlik tərəfindən yoxlanılarkən metodoloji səhvlərə yol verilmiş, düzgün araşdırma aparılmamışdır. Məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə əsasən hər il dekabr ayının sonunadək təsdiq edilən növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasına əsasən 2022-ci ilin dekabr ayı üzrə iş vaxtı norması 175 saat müəyyən edilmişdir. İrad tutulmuşdur ki, bu səbəbdən altıgünlük iş vaxtında işləyən X3 münasibətdə həmin ayda iş qarafiki üzrə aylıq iş saatlarının 175 saata çatdırılması məqsədilə 12-18 dekabr iş həftəsi üzrə 40 saatlıq deyil, 41 saatlıq iş həftəsi (yəni 17 dekabr tarixində 5 saatlıq deyil, 6 saatlıq iş günü müəyyən edilmişdir) tətbiq edilmişdir. Bununla da guya qanunsuz olaraq iş vaxtından artıq iş saatlarına yol verilmişdir. Hesab edir ki, bu halda işəgötürən 2022-ci ilin dekabr ayı üzrə iş vaxtı normasına (175 saat) riayət edilməsi üçün 41 saatlıq iş həftəsini tətbiq etməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ilin dekabr ayının sonunadək təsdiq edilən növbəti il üçün bütün istehsalat təqvimlərinin mətn hissəsində izahat verilir ki, “İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə iş ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur”. Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci hissəsinə, 90-cı maddəsinin 1-ci hissəsinə, 96-cı maddəsinin 1-ci hissəsinə və digər maddələrinə əsasən iki istirahət günü (şənbə və bazar günləri) olan 40 saatlıq iş vaxtı rejimi normal iş vaxtı rejimi hesab edilir və illik iş vaxtı norması bu iş rejimi üzrə hesablanaraq bütün iş rejimlərinə (altıgünlük, növbəli və s.) tətbiq edilir. Yəni normal iş vaxtı rejimindən fərqli olan digər iş rejimlərində çalışan işçilər il ərzində (və yaxud bir ildən az olan qeydiyyat (uçot) dövründə) normal iş vaxtı üzrə hesablanmış illik iş vaxtı normasından (və yaxud qeydiyyat dövrü üzrə iş vaxtı normasından) çox işləməməli, iş qrafikləri illik (və yaxud bir ildən az olan qeydiyyat (uçot) dövrünün) iş vaxtı normasına uyğun olaraq tərtib edilməlidir. İş qrafikləri qurularkən gündəlik işin (növbənin) müddəti 12 saatdan çox olmamalı, həftədə ərzində işçiyə bir istirahət günü verilməli və Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü hissəsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Bu şərtlərə riayət edildiyi təqdirdə, işəgötürən tərəfindən tərtib edilən iş qrafiki əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilir. Qeyd edilənlərə əsasən yuxarıdakı misalda Müfəttişlik tərəfindən aşkar edilən hal (iş qrafikində 2022-ci ilin dekabr ayının 12- 18 dekabr iş həftəsi üçün 41 saatlıq iş həftəsinin tətbiq edilməsi və 17 dekabr tarixində iş gününün 6 saat müəyyən edilməsi) heç cür iş vaxtından artıq iş saatlarına yol verilməsi halı kimi qiymətləndirilə bilməz. Analoji hal olaraq iş qarafikində 2023-cü ilin aprel ayında altıgünlük iş həftəsində çalışan X1 iş vaxtı tabellində iş vaxtı 146 saat müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2023cü il üçün təsdiq edilmiş istehsalat təqvimində bu ay üzrə nəzərdə tutulan 143 saatlıq iş vaxtı normasından 3 saat artıqdır. Əgər işəgötürən X4 ilə münasibətdə 2023-cü ilin illik iş vaxtı normasına riayət edirsə, iş qrafikində aşkar edilən bu hal əmək qanunvericiliyin pozulması halı hesab edilmir. Bu ayın iş qrafikinə baxarkən görürük ki, işəgötürən 3-9 aprel, 10-16 aprel, 24-30 aprel iş həftələri üzrə 40 saatlıq deyil, 39 saatlıq iş həftəsi tətbiq etmişdir ki, illik iş vaxtı normasına riayət edə bilsin. X4 ilə münasibətdə "xxxx" MMC tərəfindən iş qrafikləri tərtib edilərkən bu normalar gözlənilmiş, onlar aşmamışdır. Göründüyü kimi işəgötürən illik iş vaxtına riayət edilməsi məqsədilə altıgünlük iş həftəsində çalışan X4 ilə münasibətdə müəyyən aylarda gündəlik iş vaxtının maksimal müddətini ötmədən iş gününün müddətini artırmış, müəyyən aylarda isə azaltmışdır. Bu hal əmək qanunvericiliyi ilə yol verilən normal prosesdir. Bu səbəbdən Müfəttişliyin qərarında qeyd edilən X1 iş vaxtından artıq iş saatlarına cəlb edilməsi tam əsassız və absurd bir nəticədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (bundan sonra- Müfəttişlik) “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi X8 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 24 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 24 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 24 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, təqdim edilmiş iş vaxtının uçotu tabellərində X2 iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edildiyi və bununla bağlı əmək haqqına əlavələrin ödənilmədiyi müəyyən edilmişdir. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1200 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qərarda X2 iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edildiyi və bununla bağlı əmək haqqına əlavələrin ödənilmədiyi qeyd edilsə də, heç bir vasitə ilə əsaslandırılmamışdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, şirkət tərəfindən təqdim edilmiş cədvələ uyğun olaraq, işin saatı yenidən hesablanmalı və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü məddəsinə əsasən, İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 24 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 24 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1898/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1898/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver