Məhkəmə qərarları › İş №3(009)-19/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-19/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-19/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 Dekabr 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 72750.00 ABŞ dolları məbləğində vəsaiti 10 Dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 72750.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 Dekabr 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “UİS-AZ" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə 19 dekabr 2022-ci il tarixində EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Aşağıda gətirilən əsaslara və tərəfimizdən təqdim edilən rəsmi sübutlara əsasən hesab edirik ki, Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış həmin inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. Belə ki, Şəxs MMC ilə 03 dekabr 2020-ci il tarixində “X2 Ropes FSCO” şirkəti arasında 145.500 ABŞ dolları dəyərində 547 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə görə Şəxs MMC öncədən “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti ilə əldə etdiyi 30 noyabr 2020-ci il tarixli PO1339692 nömrəli ümumi mal sifarişləri razılığına əsasən həmin şirkət üçün müxtəlif ölçülərdə olan metal trosların Azərbaycana alınıb gətirilməsi Sifarişini “X2 Ropes FSCO” şirkətinə sifariş vermişdir. Belə ki, həmin müqaviləyə əsasən belə razılıq əldə edilmişdir ki, 50% müqavilə dəyərinin 72.750 ABŞ dolları hissəsini avans qismində "xxxx" MMC tərəfindən “X2 Ropes FSCO” şirkətinə köçürülməli idi. Məhz həmin məbləği avans olaraq 10 dekabr 2020-ci il tarixində Şəxs MMC Kapital Bankda olan müvafiq bank hesabından “X2 Ropes FSCO” şirkətinin Dubay şəhərindəki müvafiq bank hesabına köçürmüşdür. Kəsir qalmış 72.750 ABŞ dolları hissəsini isə xx.xx.2020-ci il tarixində UİS-AZ” MMC Bank Respublikada olan müvafiq bank hesabından “X2 Ropes FSCO” şirkətinin yenə də Dubay şəhərindəki müvafiq bank hesabına köçürmüşdür. Bu şərtlərin hamısı 547 nömrəli müqavilədə öz əksini tapmışdır. Həmçinin Şəxs MMC ilə "SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti arasında 03 dekabr 2020-ci il tarixli 547 nömrəli müqaviləyə istinad edilməklə həmçinin 08 dekabr 2020-ci il tarixində yeni PO 150936-R01 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə görə 145.500 ABŞ dolları dəyərində müxtəlif ölçülərdə olan metal trosların Azərbaycana “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v şirkəti üçün alınıb gətirilməsi ilə bağlı, yəni malların hansı müddətə gətirilməsi ilə bağlı yeni razılıq əldə edilmişdir. Məhz Şəxs MMC ilə 03 dekabr 2020-ci il tarixində “X2 Ropes FSCO” şirkəti arasında 145.500 ABŞ dolları dəyərində mallara görə bağlanmış 547 nömrəli müqaviləyə və Şəxs MMC ilə “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v" şirkəti arasında bağlanmış 08 dekabr 2020-ci il tarixində yeni PO 150936-R01 nömrəli müqaviləyə əsasən, “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti üçün 11 mart 2021-ci il tarixində 37.500 ABŞ dolları, 15 aprel 2021-ci il tarixində 27.000 ABŞ dolları, 15 aprel 2021-ci il tarixində 27.000 ABŞ dolları, 15 aprel 2021-ci il tarixində 27.000 ABŞ dolları və 30 aprel 2021-ci il tarixində yenə də 27.000 ABŞ dolları (cəmi 145.500 ABŞ dolları) dəyərində müxtəlif ölçülərdə olan metal troslar adlı mallar Azərbaycana tam olaraq idxal edilmişdir. Buna sübut kimi, hər bir ölkəyə idxal olunan mallara görə "X2 Ropes FSCO” şirkəti tərəfindən gömrük rəsmiləşdirilməsi üçün verilmiş İNVOİCE sənədlərində - PO1339692 nömrəli mal sifarişi razılığına, PO 150936- R01 nömrəli və 547 nömrəli müqavilələrə istinad edilmişdir. Hətta hər bir ölkəyə idxal olunan mallara görə bütün yük gömrük bəyannaməsinin sonunda 8001 kodunun qarşısında “X2 Ropes FSCO” şirkəti tərəfindən verilmiş İNVOİCE nömrələrinə istinad edilmişdir. Həmin İNVOİCE sənədlərindən görünür ki, malların sifarişçisi Şəxs MMC-dir və sifariş olunan mallar yuxarıda qeyd edilən sənədlərə və müqavilələrə əsasən “SAİPEM CONSTRANCTİNG NETHERLANDS b.v” şirkəti üçün Azərbaycana idxal edilir. Göründüyü kimi köçürülmüş həmin məbləğlərin qarşılığında Azərbaycan Respublikasına müvafiq X1 əsasən satın alınan mallar gömrük orqanına vaxtında bəyan edilmiş və həmin malların hamısı ölkəyə vaxtında idxal edilmiş və buraxılmışdır. Beləliklə, bütün bu hallardan müəyyən edilir ki, Şəxs MMC tərəfindən iki dəfəyə 72.750 ABŞ dolları + 72.750 ABŞ dolları olmaqla, cəmisi 145.500 ABŞ dolları məbləğlərində xarici valyutada olan vəsaitlər birinci dəfə avans olaraq 10 dekabr 2020-ci il tarixdə, ikinci dəfə isə xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müvafiq banklarda olan hesablarından Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürülmüş, həmin köçürmələrə əsasən də satın alınmış mallar xx.xx.2021-ci tarixli **********3758, xx.xx.2021-ci il tarixli **********5769, xx.xx.2021-ci il tarixli **********5730, xx.xx.2021-ci il tarixli **********5688 və xx.xx.2021-ci il tarixli **********5360 saylı yük gömrük bəyannamələri ilə vaxtında, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhz ona görə də hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət yerinə yetirildiyi üçün "UİS-AZ” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuzfaizinədək məbləğdə cərimə edilir. Məhkəmənin nəzərinə çatdırırıq ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Hazırda isə, məhkəməyə təqdim edilmiş müqavilə və sazişlərin məzmunlarından, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci tarixli **********3758, xx.xx.2021-ci il tarixli **********5769, xx.xx.2021-ci il tarixli **********5730, xx.xx.2021- ci il tarixli **********5688 və xx.xx.2021-ci il tarixli **********5360 saylı yük gömrük bəyannamələrindən və sair sübutlardan görünür ki, bütün mallar vaxtında ölkəyə idxal edilmişdir. Məhz yuxarıda qeyd olunan əsaslara görə, hazırda Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixli 72.750 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin köçürülməsi nəticəsində güya baş vermiş pozuntuya görə tərtib edilmiş İnzibati Xəta haqqında Protokoluna Etirazını bildirir. Bir daha bildiririk ki, buna sübut üçün yük gömrük bəyannamələrinin və zəruri olan bütün sənədlərin surətləri məhkəməyə təqdim edilir. Göründüyü kimi, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki, təqdim edilmiş həmin sübutlara əsasən, hazırda hesab edirik ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən, "UİS-AZ” MMC barəsində 19 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta üzrə işə xitam verilməlidir. Məhz ona görədə həmin protokol əsasında Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2020-ci il tarixli, 547 saylı müqavilə və xx.xx.2020-ci il tarxli İNVOİCE əsasında Şəxs MMC tərəfindən 72750.00 (yetmiş iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait X2 ROPES FZCO-nun bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanmış 06 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, “SAİPEM CONTRACTİNG NETHERLANDS B.V” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Şəxs MMC arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli PO1339692 nömrəli ümumi Mal Sifarişi orderinə uyğun olaraq Şəxs MMC müxtəlif ölçülərdə metal trasların tədarükü üzrə sifarişi yerinə yetirmişdir. Həmin sifariş üzrə **********3758, **********5769, **********5730, **********5688 və **********5360 nömrəli X1 əsasən zəruri metal traslar Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Şəxs MMC” sifariş edilən trasları müxtəlif subpodratçı şirkət və eləcə də “X2 Ropes FSCO” adlı şirkət ilə bağlanmış 8 dekabr 2020-ci il tarixli yeni PO 150936-R01 nömrəli müqavilə çərçivəsində Azərbaycan Respublikasına idxal etmişdir. Həmin Müqaviləyə uyğun olaraq Şəxs MMC “X2 Ropes FSCO” şirkətinə 145,500.00 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bununla bağlı “SAİPEM CONTRACTİNG NETHERLANDS B.V” şirkətinin Azərbaycan Respublikasındakı Filialı qeyd edilən sifariş üzrə “X2 Ropes FSCO” adlı şirkətə əlavə heç bir ödəniş etməli deyil. Həmin malların dəyəri tam şəkildə Şəxs MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci tarixli **********3758, xx.xx.2021-ci il tarixli **********5769, xx.xx.2021-ci il tarixli **********5730, xx.xx.2021-ci il tarixli **********5688 və xx.xx.2021-ci il tarixli **********5360 saylı yük gömrük bəyannamələrindən görünür ki, təqdim edilmiş həmin gömrük bəyannamələrinin hazırki işə aid olmadığı müəyyən edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 72750.00 (yetmiş iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsaiti 10 dekabr 2020-ci il tarixdə avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərə nəzər saldıqda təqdim edilmiş gömrük bəyannamələrinin hazırki işə aid olduğu müəyyən edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 72750.00 (yetmiş iki min yeddi yüz əlli) ABŞ dolları vəsait məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 14550 (on dörd min beş yüz əlli) ABŞ dolları məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar