Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1903/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 və onun nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 29 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X1 nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 29 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hesab edilmiş, barəsində 1500 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati orqan AR İXM-in 34.3-cü maddəsinə əsasən bir neçə inzibati xətaya dair işlərə baxılması zamanı daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh ətbiq edilməsi barədə qərar qəbul etmişdir. Qərarda istinad olunan pozuntular aşağıdakılardır: Təmizlik inventarlarının saxlanılması üçün ayrıca sahə təşkil edilməməsi, Soyuducuda çirkli tərəvəzlər, yarımfabrikatlar, ət məhsullarının bir arada saxlanılması Soyuducuda saxlanılan Mila əmtəə nişanlı ayranın etiket məlumatında 2-5 dərəcə qeyd edilsə də ölçmə zamanı daxili temperaturun 12.5 dərəcə olduğunun aşkar edilməsi, Pizza xəmirlərinin və pizza qutularının üzərində etiket məlumatlarının qeyd edilməməsi, Emal müəssisəsinin yalnız anbar kimi qeydiyyata alınması, X9 əmtəə nişanlı sousun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin təqdim edilməməsi. Hesab edir ki, AQTA-nın BRBnin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əvvəla, məhkəmənin diqqətinə çatdırırıq ki, mübahisələndirilən qərar "xxxx" MMC-yə məxsus “Papa John's” restoranlar şəbəkəsinin “Park Bulvar” filialında AQTA tərəfindən həyata keçirilən plansız yoxlama nəticəsində qəbul edilmişdir. Yoxlamanın səbəbi kimi bizə müştərilər tərəfindən zəhərlənmə faktı ilə bağlı müraciət göstərilsə də bununla bağlı çoxsaylı cəhdlərimizə baxmayaraq hər hansı sənəd təqdim edilməmişdir. Ümumiyyətlə ehtimal olunan zəhərlənmə halının “Papa John's”a məxsus hər hansı restorandan alman qida nəticəsində baş verməsi ağlabatan deyil. Belə ki, restoranlar şəbəkəsində gündəlik 15000 insan qidalanır və hər kəsə eyni ərzaqlardan hazırlanmış məhsullar təklif olunur. Nəticədə real zəhərlənmə faktı baş verdiyi halda bunun bir neçə epizodla yekunlaşması mümkün ola bilməzdi. Həmçinin, restorana zəhərlənmə faktı ilə bağlı hər hansı şikayət daxil olmamışdır. "xxxx" MMC tərəfindən yoxlamaya əsas olan və zəhərlənmə faktını təsdiq edən sənədlərin təqdim edilməsi üçün AQTA-ya və AR Ədliyyə Nazirliyinə yazılı müraciət edilsə də heç bir cavab əldə edilməmişdir. Bununla da AQTA tərəfindən həyata keçirilən plansız yoxlama ümumiyyətlə qanunsuz olmuş və nəticələrinin heç bir qüvvəsi yoxdur. Bundan əlavə, inzibati orqan mübahisələndirilən qərara əsas olmuş protokolların müzakirə edilməsi və yekun qərarın qəbul edilməsi məqsədilə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin işlədiyi "xxxx" MMC-yə bildiriş göndərmiş və xx.xx.2023-cü il saat 17:00-a AQTA-nın BRB-nə dəvət etmişdir. Lakin aidiyyəti şəxslər inzibati orqanda olarkən artıq müvafiq qərarın qəbul edildiyi məlum olmuş, yəni, müzakirə formal xarakter daşımış və bizim mövqeyimiz nəzərə alınmamışdır. Nəticədə mübahisələndirilən qərar, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin iştirakı olmadan qəbul edilmişdir. Həmçinin, hesab edir ki, mübahisələndirilən qərar qərarda istinad olunan pozuntulara münasibətdə də qanunsuz və əsassızdır. Belə ki, Restoranda təmizlik inventarlarının saxlanılması üçün ayrıca sahə mövcuddur. Qərarda istinad olunan təmizlik inventarı isə yoxlama zamanı, təmizlik işləri aparıldığı üçün kənara qoyulmuşdur. Nəticə etibarilə, təmizlik inventarı ümumi sahədə saxlanılmamış, saxlanc üçün ümumi sahədən istifadə edilməmişdir. Restoranda soyuducudan yox soyuducu kameradan (5.5 kvm sahəsi olan otaq) istifadə olunur. Soyuducudan fərqli olaraq soyuducu kamera kifayət qədər böyük sahəyə malikdir və fərqli məhsulların saxlanması üçün ayrı-ayrı rəf və qablardan istifadə olunur. Yəni, soyuducuda müxtəlif ərzaqların bir yerdə saxlanmamasını şərtləndirən hallar soyuducu kamerada sahə çoxluğu səbəbindən aradan qalxır. Bununla da, inzibati orqan məsələyə ətraflı yanaşmadan, qaydaların tələbini və soyuducu ilə soyuducu kamera arasındakı əhəmiyyətli fərqi nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Soyuducuda saxlanılan ayranın temperaturunun ölçülməsi prosesi restoran əməkdaşlarının iştirakı və məlumatı olmadan aparılmışdır. Ölçmənin nəticələri ilə bağlı restoran əməkdaşlarına məlumat verildikdən sonra tərəfimizdən cihazın ölçmə qabiliyyətinin düzgünlüyü barədə təsdiqedici sənəd tələb olunsa da heç bir sənəd təqdim edilməmişdir. Sonradan tərəfimizdən soyuducuda saxlanılan ayranların temperaturları yoxlanılmış və heç bir halda inzibati orqanın istinad etdiyi nəticə aşkarlanmamışdır. 4. Hesab edirik ki, inzibati orqanın pizza xəmirlərinin və pizza qutularının üzərində etiket məlumatlarının qeyd edilməli olması ilə bağlı tələbi qanunsuz və əsassızdır. Belə ki, bununla bağlı istinad olunan norma - Qida Təhlükəsizliyi haqqında AR Qanununun 17-ci maddəsi ictimai iaşə müəssisələrinə aid qaydaları tənzimləmir. Restoranlarda pizza satışı həyata keçirilərkən və ya Online qaydada sifariş verilərkən alıcı menyuda və ya sayt/totbiq vasitəsilə pizzaların tərkibini gördükdən sonra sifarişi həyata keçirir. Tərəfindən alıcıya həyata keçirilən satış son satışdır və qidanın alıcı tərəfindən istehlak olunmasını nəzərdə tutur. Nəticədə qida məhsulunu istehlak edən şəxs hələ onu əldə etməmişdən əvvəl tərkibi barədə məlumatlanır. Bu halda qutuların üzərinə qidanın tərkibi ilə bağlı məlumatın yerləşdirilməsi istinad olunan qanunun məqsəd və vəzifələrinə ziddir. İctimai iaşə müəssisələri ilə bağlı qayda Qanunun 19-cu maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddədə inzibati orqanın göstərdiyi tələblər öz əksini tapmır. Qərarda istinad olunan “emal müəssisəsi” restoranın xəmir hazırlanmasını və məhsul saxlancını həyata keçirən şöbəsidir. Həmin şöbədə xəmir hazırlandıqdan sonra yalnız restoranın filiallarına çatdırılır və pizza hazırlanmasında istifadə olunur. Papa John's restoranlar şəbəkəsi emal və ya istehsal müəssisəsi olmamaqla hazır xəmir satışını həyata keçirmir. Nəticədə inzibati orqanın istinad etdiyi “obyekt” müstəqil müəssisə deyil, belə demək olarsa, restoranın mətbəxinin bir hissəsidir. Qərarda qeyd olunan sousla bağlı inzibati orqan tərəfindən heç bir sənəd tələb olunmamışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, həmin məhsul yerli bazardan əldə olunub və müvafiq sənədlər idxalçıdan tələb edilməlidir. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, X2 hərəkətlərində AR İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Mübahisələndirilən qərar, AQTA BRB-nin Papa John's restoranlar şəbəkəsinin Səbail Rayonunda yerləşən “Park Bulvar” filialında apardığı yoxlama nəticəsində qəbul edilmişdir. Bu səbəbdən ehtimal olunan inzibati xətanın törədildiyi yer Səbail Rayonu ərazisidir. Yuxarıda sadalananlara əsasən və AR İXM-in 128-130, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 və onun nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 29 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X6 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 29 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 29 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Papa John's” ictimai iaşə müəssisəsində keçirilən yoxlama zamanı təmizlik inventorlarının saxlanılması üçün ayrıca sahə təşkil edilmədiyinə görə, soyuducuda çirkli tərəvəzlər, yarım fabrikatlar, ət məhsulları bir arada saxlanıldığına görə, soyuducuda saxlanılan Milko ayranının etiket məlumatında 2-5 dərəcə qeyd edilsədə ölçmə zamanı daxili temperaturunun 12,5 dərəcə olduğu aşkar edilmişdir. Pizza xəmirlərinin və Pizza qutularının üzərində etiket məlumatları qeyd edilmədiyinə və emal müəssisəsi yalnız anbar kimi qeydiyata alındığına görə, X9 sousun keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədin təqdim edilmədiyinə görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, X1 iştirakı ilə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə görə xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmçinin iş materiallarından inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş, onun izahatı alınmamış və göstərilənlərlə bağlı sübütlar əlavə edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görəbu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıinzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 29 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqındaqərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 29 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1903/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1903/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver