Məhkəmə qərarları › İş №3(009)-1905/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1905/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1905/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 12 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair Gurel Necatinin şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul Gurel Necati məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 12 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 Avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş həmin tarixli 3-17-5/2-53872/2024 saylı məktubla ona məlum olmuşdur ki, həmin qurumun 12 avqust 2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Ümumiyyətlə, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuş, inzibati xəta haqqında protokol tərtib edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış, protokolun surəti ona təqdim edilməmişdir. Mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, guya o, X4 12 mart 2024-cü il tarixdən 17 mart 2024cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. Bu ifadə həm mübahisələndirilən qərarda, həm də həmin qərarın tərtib edilməsinə əsas olmuş 31 İyul 2024-cü il tarixli ******* saylı protokolda öz əksini tapıb. Lakin qeyd olunanlar təmamilə yalandır və qanunsuz qərarın qəbul edilməsinə yol açıb. Bu ona qarşı qurulmuş bir oyundur. Onun istər prosessual istərsə də maddi hüquq normaları baxımından bütün hüquqları pozulub. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-113, 114, 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün barəsində inzibati xəta haqqında qərar verilmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Gurel Necati tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarından göründüyü kimi vətəndaş X6 12 mart 2024-cü il tarixindən Gurel Necati tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və həmin tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bildirişi isə 17 mart 2024-cü il tarixdə imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, MN ******* saylı qərar tam əsaslıdır. Bunun əksini təsdiq edən dəllilər Gurel Necati və onun təmsil edən nümayəndələri tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, Gurel Necatinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 12 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Gurel Necatinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 12 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar