Məhkəmə qərarları › İş №3(009)-191/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-191/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-191/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair Murat Alyarın şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Murat Alyar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)-1321/2020 saylı qərarı ilə Murat Alyar şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)-2112/2020 saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)-1321/2020 saylı qərarı ləğv edilərək, işin həmin məhkəməyə qaytarılması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə DƏMX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Murat Alyara əmək qanunvericiliyinin tələblərinin pozulması əsas gətirilərək İXM-nin 192.4-cü maddəsinə əsasən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən barəsində şikayət etmiş X2 6 gun əvvəl Əmək Müfəttişliyinə xx.xx.2020-ci il tarixli elektron ərizə ilə şikayətinin olmaması ilə bağlı müraciət etməsinə əhəmiyyət verilməmişdir. xx xxxx 2020-ci il tarixdə isə DƏMX-nin Bakı şöhər Ərazi İdarəsinin rəisi tərəfindən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla əsassız olaraq 900 manat cərimə edilmişdir. Qərar qəbul edilərkən hüquqları pozulmuş və şikayətçinin təkrar şikayətinin olmaması nəzərə alınmamışdır. Göründüyü kimi ona heç bir əsas olmadan yazılmış protokoldan və qərardan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd olunanlara və İXM-nın 126-cı maddəsinin tələblərinə əsaslanaraq, məhkəmədən, DƏMX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokolun və xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X4 şikayətə etiraz edərək göstərmişdir ki, müraciət əsasında DƏMX-nin Bakı şəhər İdarəsində inzibati araşdırma başlanılmış və bu məqsədlə zərərçəkmiş şəxsin izahatı alınsa da, xəta törətmiş şəxs A.Murat icraatla bağlı ona edilən xəbərdarlıqlara məhəl qoymamış və aparılan araşdırmada iştirak etməyərək barəsində olan şikayətin təkzib edilməsi ilə bağlı DƏMX Bakı şəhər İdarəsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin, iş materiallarında “xxxx” MMC-nin direktoru A.Murat tərəfindən X3 verilmiş etibarnamə vardır ki, bu etibarnamə də A.Muratın barəsində aparılan icraatdan məlumatlı olduğuna dəlalət edir. Eyni zamanda, A.Murat barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan yazdığı şikayət ərizəsində vətəndaş F.Əliyevin inzibati tənbeh vermə haqqında qərar qəbul edilmədən öncə şikayətindən imtina etməsi barədə ərizəsinə istinad etmişdir ki, bu hal da dolayısı ilə A.Murat tərəfindən inzibati xətaya yol verilməsinin etirafı kimi qiymətləndirilməlidir. Göstərdiklərini nəzərə alaraq Murat Alyarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsini xahiş etdi. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Murat Alyar məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3cü maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Murat Alyar tərəfindən vətəndaş X2 əmək haqqısı əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada hesablanıb ödənilməmişdir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, hazırki işdə Murat Alyar şikayətinin əsasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X2 heç bir şikayətinin olmaması ilə əlaqələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, vətəndaş X5 DƏMX-ə müraciət edərək əlavə iş yeri olaraq işlədiyi “xxxx” MMC-də əmək hüquqlarının pozulduğunu bildirmiş, işlədiyi oktyabr və noyabr alları üçün ümumilikdə 1100 (bir min bir yüz) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında DƏMX-in Bakı şəhər İdarəsində inzibati araşdırma başlanılmış və bu məqsədlə zərəçəkmiş şəxsin izahatı alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı vətəndaş Fərhad Əliyevin şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Murat Alyar barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən vətəndaş Fərhad Əliyevin DƏMX-nə olan şikayətinin olmamasını göstərməsi inzibati xəta hadisəsinin olmaması kimi qiymətləndirilə bilməz. Əksinə məhkəmə hesab edir ki, hazırda Murat Alyarın həmin imtina ərizəsinə istinad etməsi, qeyd edilən inzibati xəta hadisəsinin olmasını bir daha sübut edir. Belə ki, əgər Murat Alyar tərəfindən vətəndaş X2 əmək haqqını qanunvericiliyinin tələblərinə uyğun qaydada hesablanıb ödənilmiş olsaydı, Murat Alyar barəsində araşdırma aparılaraq barəsində qərar qəbul edilməzdi. Başqa sözlə araşdırma başlanıldıqdan sonra vətəndaş Fərhad Əliyevin şikayətinin olub-olmamasından aslı olmayaraq, artıq inzibati xəta hadisəsi baş vermişdir. Bununla bağlı isə göstərilən səylər həmin xətanı aradan qaldırmır (şikayətin olmaması). Beləliklə, araşdırma zamanı bir daha sübut edilmişdir ki, Murat Alyar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda isə şikayətin təmin edilərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsindən söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, xx xxxxxx 2021-ci tarixə təyin edilmiş məhkəmə iclasına şikayətçi Murat Alyara həm məhkəmə bildiriş, eləcə də istifadəsində olan mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq gəlməmişdir. Ona görə məhkəmə iclası şikayətçinin iştirakının təmin edilməsi üçün təxirə salınmış və eyni qaydada ona həm məhkəmə bildirişi, həm də SMS bildiriş göndərilmişdir. Lakin buna baxmyaraq o, təkrar məhkəmə iclasında iştirak etməmiş və ondan məhkəmə iclasının təxirə salınması ilə vəsatət daxil olmamışdır. Göründüyü kimi şikayətçi Murat Alyarın məhkəmə iclaslarında iştirak edərək şikayətini müdafiə etməməsi, eləcə də barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın təkzib edilməsi ilə heç bir sübut təqdim etməməsi bir daha Murat Alyar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, Murat Alyarın şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur kiİşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, Murat Alyarın əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Murat Alyarın şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar