Məhkəmə qərarları › İş №3(009)-191/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-191/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-191/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu PB-dən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Yeni Bakı” otelində X2 məxsus “İphone 8+” markalı mobil telefonu oğurlamış və nəticədə ona 400 manat dəyərində zərər vurmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Şəxs 04.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Yeni Bakı” otelində X2 məxsus “İphone 8+” markalı mobil telefonu oğurlamış və nəticədə ona 400 manat dəyərində zərər vurmuşdur. İş materiallarında olan AZA 015879 nömrəli, 20.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20.01.2022-ci il tarixdə, saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, zərərçəkmiş şəxslə Şəxs arasında barışıq əldə olunmadığını, zərərin ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, izahatında bildirmişdir ki, 04.12.2021-ci il tarixdə yaşadığı Sumqayıt şəhərindən taksi ilə Yasamal rayonu Nizami metrosu ərazisində yerləşən adını bilmədiyi “pub”-a gəlmiş, orada əyləşib təxminən 3 saata yaxın 6-7 bakal pivə içdikdən sonra həmin məkandan çıxıb gəzərək “Tarqovu” adlanan əraziyə gəlmişdir. “Tarqovu” adlanan əraziyə gəldikdən və bir qədər həmin ərazidə gəzdikdən sonra yeraltı keçidə çatmamış sol tərəfdə yerləşən adını bilmədiyi bir məkana daxil olmuş, bu zaman içəridə olan bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq yerin olmadığını, öncədən rezerv etmək lazım olduğunu demişdir. Bundan sonra o, çölə çıxan zaman ətrafa baxanda orada divardan asılmış kitab rəfinin üzərində “İphone 8+” markalı mobil telefon görmüş və onu götürüb oradan çıxmışdır. “Azneft” istiqamətinə gedib oradan 65 nömrəli marşruta minib “20 yanvar”a gəlmiş, oradan da Sumqayıt şəhərinə yaşadığı mənzilə gəlmişdir. Səhəri gün yəni 05.12.2021-ci il tarixdə oğurladığı “İphone 8+” markalı mobil telefonu Nəsimi rayonu, 20 yanvar dairəsi ərazisində “Velotrek” adlanan bazarın yaxınlığında adını bilmədiyi telefon dükanına 150 manata satmışdır. Hazırda ziyanı ödəməyə imkanının olmadığını, həmin vaxt içkili olduğu üçün nə etdiyini dərk etmədiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, o cümlədən dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 20 yanvar 2022-ci il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 yanvar 2022-ci il tarixdən, saat 21:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar