Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1910/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon polis idarəsi tərəfindən tərtib olunmuş 17 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu Yeni Salyan yolunda Mercedes Benz C180 markalı ** MB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, özünə məxsus, idarə etdiyi Mercedes Benz C180 markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Səbail rayonu Bayraq meydanından Su İdman sarayı istiqamətində hərəkətdə olarkən, Su İdman sarayının yaxınlığındakı dairədən Əhəd Yaqubov küçəsi istiqamətinə keçərkən, dairədə «yol ver» nişanın tələblərinə uyğun olaraq sağ tərəfindən gələn avtomobillərə yol verərək hərəkət etmək istəmişdir. Sağ tərəfdən gələn avtomobillərin sürətinə uyğun olaraq yolun boş olduğunu nəzərə alaraq, hərəkətinə davam etmişdir. Amma sağ tərəfdən gələnlərin 1-ci hərəkət zolağında mopedi görmədiyi üçün mopedə yol verməyə imkanı olmadığı üçün moped onun idarə etdiyi avtomobilin qabaq buferinə sağ hissəsinə dəyərək toqquşmuş və zərbənin təsirindən moped sürücüsü yerə yıxılmışdır. O, dərhal moped sürücüsünə yaxınlaşıb ona kömək etmək üçün yaxınlaşmış və təcili tibbi yardım çağırmışdır. O, yol polis əməkdaşına gözləyərkən moped sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırmışlar. Dostu da moped sürücüsünün vəziyyəti ilə maraqlanmaq üçün yaşadığı ünvan olan Xırdalandan xəstəxanaya getmişdir. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur, özü heç bir xəsarət almamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, özünə məxsus idarə etdiyi Tufan M50 markalı mopedlə Səbail rayonu Bibiheybət yolu ilə Bayraq meydanı istiqamətində sağdan 2-ci zolaqla saatda 40-50 km sürətlə hərəkətdə olarkən, Su İdman sarayının dairəsində çıxan Mercedes markalı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən o, mopeddən yerə yıxılmış və Mercedes markalı avtomaşının sürücüsü hadisə yerinə təcili tibbi yardım çağırmış, həkim briqadası gələrək onu KTM-nə aparmışlar. Sonra o, öz razılığı ilə xəstəxanadan çıxmışdır. Hadisə zamanı o, dəbiləqədən istifadə etmişdir. Həmin vaxt o, spirtli içki qəbul etməmişdir. O təhlükəni 5-6 metr məsafədən hiss etmişdir, əyləci basmış, lakin məsafə az olduğundan hadisədən yayına bilməmişdir. Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-yə vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 312 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları, eləcə də sağ aşağı ətrafda ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldarın orta 1/3-nin və sol baldırın yuxarı 1/3-nin ön səthlərinin əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/14068 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 16.30 radələrində idarə etdiyi Mercedes Benz C180 markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Səbail rayonu 74-cü sahə ilə Ə.Yaqubov küçəsinin kəsişməsində «Yol ver» nişanın tələblərini pozaraq ehtiyatsızlıqdan Su İdman sarayı istiqamətində hərəkətdə olan zaman Ə.Yaqubov küçəsi ilə üzü Bayraq Meydanı istiqamətinə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Tufan M50 markalı mopedlə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə qarşı heç bir şikayətinin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1910/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1910/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver