Məhkəmə qərarları › İş №3(009)-1911/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1911/2022

16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1911/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmağına dair verdiyi iddiası üzrə yekun məhkəmə qərarı çıxanadək ərizə ilə məhkəməyə müraciət edərək övladı ilə müvəqqəti görüşünün təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-MTT(009)-103/2022 saylı qərardadına əsasən övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 11:00-dan 13:00-dək ünsiyyətdə olmağı müəyyən edilmişdir. Məhkəmə qərarı icra edilməsi üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərilmiş və icra məmuru Vasif Həsənlinin icraatına verilmişdir. Məhkəmə qətnaməsinin icrasına dair dəfələrlə icra məmuruna müraciət etməyinə baxmayaraq icra məmuru vəzifəsini icra etməkdən müxtəlif formada yayınmağa çalışmış, hətta onda olan məlumata əsasən icra məmuru cavabdehlə hansısa münasibətlərə girərək süni şəkildə işi uzadır və əsassız yerə onun övladı ilə görüşünü təxirə salmağa çalışır. İcra məmuru Vasif Həsənli onu xx.xx.2022-ci il tarixində icra şöbəsinə dəvət edərək, övladı ilə ünsiyyətinin təmin olunması üçün müəyyən danışıqlar olacağını bildirmişdir. O, həmin tarixdə onunla əlaqə saxlamağa çalışsa da, o, icra şöbəsinin rəisinin burada olmamasını əsas gətirərək görüşü hər gün təxirə salmışdır. İcra məmurunun onu icra şöbəsinə dəvət etməsinin əsas səbəbi guya məhkəmə qərarının icra günü - bazar gününün dəyişdirilməsini istəməsi olmuşdur. xx.xx.2022-ci il tarixində o, Bakı şəhəri Səbail rayon İcra şöbəsinə getmiş və icra məmuru Vasif Həsənli onu otağında qəbul edərək, rəisi Anar Qocayevin otağına aparmışdır. Anar Qocayev onunla acı danışmış, onu hədələmiş, təhqir etmiş və onu provokasiya etməyə məcbur etmişdir. O, isə bunun provokasiya olduğunu anlayıb dərhal onun otağını tərk etmişdir. O, otaqdan çıxarkən, mobil telefonunu götürüb "sənin başına oyun açacam” deyərək harasa zəng etdi. Vasif Həsənli ardınca çıxıb onu otağına apardı. Təxminən 10 dəqiqə sonra iki polis əməkdaşı gəlmiş, haqqında şikayət olduğunu və bu səbəblə bölməyə getməli olduğunu bildirmişlər. Polis bölməsində qanunsuz və əsassız olaraq saxlanıldıqdan sonra polis əməkdaşı icra şöbəsinin rəisini və icra məmurunu tanıdığına görə heç bir araşdırma aparmadan barəsində AR İXM-nin 510-cu maddəsinə əsasən 100 manat cərimə protokolu tərtib etdi. Protokol tam qanunsuz və əsassızdır. Belə ki, icra şöbəsinin rəisinin onun övladı ilə görüşünə maneçilik yaratmasına və ya görüşdən imtina etməyinə dair hədələməsinə heç bir hüququ olmamış, bundan başqa əlində icra olunması üçün məhkəmə qərarı olmuşdur. Dövlət məhkəmə qərarlarının icrasının təmin olunması üçün onlara vəzifə maaşı verir. Faktiki olaraq vətəndaşa qarşı vəzifəsindən sui-istifadə edən icra şöbəsinin rəisinin bir zəngi ilə o, polis bölməsinə aparılmış və orada əsassız olaraq saxlanılmışdır. Polis əməkdaşları hansısa maraqlardan irəli gələrək onun əmrlərini yerinə yetirircəsinə əsassız yerə barəsində protokol tərtib etmişlər. Ola bilsin ki, polis əməkdaşları yazdıqları cərimədədən hər hansı faiz gəliri götürəcəklərindən protokol tərtib edərkən vətəndaşın şəxsiyyətini, ailə durumunu, işin hallarını nəzərə almırlar. Hazırkı cərimə barəsində əsassız olaraq tətbiq olunduğu üçün ona mənəvi əziyyət verir. Göstərilənlərə əsasən ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 noyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 16 noyabr 2022-ci il tarixdə Səbail Rayon İcra Şöbəsində mübahisə yaradaraq iş rejimini pozaraq ictimai qaydanı pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon İcra şöbəsində icra məmuru Vasif Həsənli, Aslan Astanov və 2 nəfər hal şahidi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixində o, Bakı şəhəri Səbail rayon İcra şöbəsində icra məmuru Vasif Həsənlinin xidməti otağında fəaliyyəti həyata keçirən zaman icra sənədi üzrə tərəf olan Elçin İbrahimov xidməti otağına daxil olaraq, aqressiv şəkildə tərəf olduğu icra sənədinin dərhal icra edilməsini tələb edərək, şöbə rəisinin qəbulunda olmaq istədiyini bildirmişdir. İcra işi ilə birlikdə şöbə rəisinin xidməti otağında olan zaman eyni tərzdə qərarın icrasını tələb etməklə, yüksək səs tonu ilə qışqıraraq şöbənin normal iş rejimini davamlı olaraq pozmaqla dövlət orqanlarının ünvanına qeyri-etik ifadələr işlədərək “satılmışlar”, “təsir altında qalmaqla qərarın icrasından qərəzli” olaraq yayındıqlarını bildirmişdir. Şöbə rəisi və əməkdaşlar tərəfindən nizam-intizama dəvət olunmasına, şöbənin normal iş şəraitinin pozulmamasına və digər əməkdaşların normal iş şəraitinin pozulmamasına, qanunun tələbləri izah edilməklə sakitliyə riayət edilməli olması təkrar və dəfələrlə bildirilsə də, E.İbrahimov tərəfindən həmin tələblərə əməl edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022ci il tarixdə, Səbail rayon İcra Şöbəsinin məktubu və tərtib edilmiş AKT icrata daxil olmuşdur. AKT-da, vətəndaş X5 tərəfindən İcra şöbəsində şöbə rəisinin qəbul otağında yüksək səs tonu ilə qışqırmaqla şöbənin normal iş rejimini pozması və orqanın ünvanına qeyri-etik ifadələr, sözlər deməklə mübahisə etməsi və hərəkətlərinə görə, Səbail RPİ-nin 8-ci PB-yə dəvət olunması bildirilmişdir. Polis bölməsinə dəvət olunmuş X4 izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilərək, şəxs 100 (yüz) AZN cərimə miqdarında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X3 əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, 16 noyabr 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar