Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1918/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X5 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat 9 radələrində Nəsimi rayonu, D.Əliyeva küçəsindəki (sənədlə ünvanı Vidadi küçəsi 185) obyektdə dostu ilə görüşərkən Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X6 yaxınlaşıb. Polis əməkdaşı karantin rejimini pozduğunu bildirərək, barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə MN727250 nömrəli inzibati xəta haqqında protokol (bundan sonra protokol) tərtib edib. O heç bir pozuntuya yol vermədiyini bildirərək protokolu imzalamaqdan imtina etmişdir. Daha sonra protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında MN0661271 nömrəli qərar (bundan sonra qərar) çıxarılıb və 4000 (dörd min) manat məbləğində cərimələnmişdir. Həm protokolu, həm də protokol əsasında çıxarılmış qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, protokolda maddə göstərilsə də, inzibati xətanın mahiyəti göstərilməyib, yəni karantin rejimini hansı normada pozduğu protokolda qeyd olunmayıb. Protokol tərtib edilərkən ona hüquq və vəzifələri izah edilməyib. Protokola dair etirazı və izahatı da protokolda əksini tapmayıb. Protokolla razılaşmadığını bildirsə də, bu barədə protokolda heç nə yazılmayıb. Tətbiq edilmiş inzibati tənbeh növü olan cərimə düzgün təyin edilməyib. İXM-nin 211.1-ci maddəsində deyilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, 4000 manat məbləğində cərimə vəzifəli şəxs barəsində təyin olunur. O isə nə vəzifəli şəxs, nə də adı çəkilən obyektin sahibi deyildir. Onun 24 yaşı var, fiziki şəxsdir. Ona görə də 4000 manat məbləğində cərimə ona şamil edilə bilməz. Polis əməkdaşının onun kimliyini araşdırmadan maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin ən yuxarı həddini təyin etməsi bu işdə pul marağının olduğunu göstərir. Əks halda polis əməkdaşı 24 yaşlı fiziki şəxsi vəzifəli şəxs olaraq 4000 manat məbləğində cərimələməzdi. Protokolda və qərarda adı çəkilən obyektin sahibi o deyil (bunu təsdiq edən fiziki şəxs barədə məlumatın qeyd edildiyi vergi arayışı əlavə olunur). Əgər işə əlavə edilmiş vergi arayışına nəzər yetirilsə görünər ki, hətta obyektin sahibi də vəzifəli şəxs yox, fiziki şəxsdir. X2 barəsində inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş şikayət olunan şəxsin iştirakı olmadan baxılmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 nümayəndəsi X8,xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsin nümayəndəsini dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda şəxsin məhs hansı karantın qaydalarının pozması barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 21:11-də Nəsimi rayon D.Əliyeva küçəsi 196-da “Portal Games” oyun zalında karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələbi pozulmuşdur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün yenidən Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1918/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1918/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver