Məhkəmə qərarları › İş №3(009)-1924/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1924/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1924/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X7 oğlunun, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 15:06-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol Patrul Xidməti (YPX) tərəfindən İXP7245907 nömrəli inzibati xəta protokolu tərtib edilmiş və barəsində Bakı şəhəri Baş X11 İdarəsi polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 AZN məbləğində cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokola əsasən, Bakı şəhəri, Neftçilər prospekti, Azneft dairəsində “Kia Sorento minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğu bildirilir. Qərarla razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, əsassız və qanunsuz qərardır, buna görə də ləğv edilməlidir. İlk növbədə qeyd edilir ki, inzibati xəta qanunvericiliyinin tələblərinə zidd olaraq Yol Patrul Xidməti tərəfindən qayda pozuntusunu təsdiq edən heç bir görüntü (video və ya foto) təqdim edilməmişdir. Halbuki israrla qayda pozuntusu ilə bağlı görüntüləri tələb etmiş, lakin elə o dərəcədə də tələbin təmin edilməsindən imtina edilmişdir. Yol Patrul Xidmətinin belə bir yanaşması İXM-nin 75-ci maddəsinin tələblərinə tamamilə ziddir. Belə ki, həmin maddəyə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallardandır. Və qeyd edilən hallar konkret sübutlarla əsaslandırılmalıdır. Lakin, Yol Patrul Xidməti əsassız şəkildə, görüntüləri və digər sübutları təqdim etmədən belə bir qərar qəbul etmişdir. Görüntülərin təqdimatından israrla imtina edilməsi də səbəbsiz deyil. Belə ki, görüntülər birmənalı şəkildə hər hansı inzibati xətanın törədilmədiyini təsdiqləyəcək, bunu yaxşı bildikləri üçün də görüntülər təqdim edilmir. Yol Patrul Xidməti əməkdaşı qayda pozuntusunun yolayrıcında baş verdiyini iddia etsə də, inzibati xəta tərkibi yaratmayan hal Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsində sol zolaqda baş vermişdir. Dairəyə daxil olarkən və hərəkət zamanı dairədə heç bir avtomobil olmayb, sağ və sol zolaqlar boş olub. Bu, idarə etdiyi avtomobilin hərəkətinin təhlükəsiz və yol hərəkəti qaydalarına uyğun olduğunu bütün çılpaqlığı ilə təsdiq edir. Görüntülərə baxış keçirilərsə, bunu aydın görmək olar. Məhz bu həqiqətlərə görə də görüntülər təqdim edilmir. Protokolun və qərarın əsassızlığına dəlalət edən məqamlardan biri də odur ki, Yol Patrul Xidməti əməkdaşı yolayrıcı ilə dairəni qarışdırır. Qayda pozuntusu şəklində sənədləşdirilmiş bal qərarda yolayrıcında baş vermiş kimi təqdim edilir. Əslində isə həmin yer yolayrıcı deyil, dairədir və bu iki anlayışların səslənmələri kimi, tənzimlənmələri də fərqlidir. Lakin, nəyə görəsə Yol Patrul Xidməti əməkdaşı bu anlayışları eyniləşdirmiş və bununla da yanlış nəticəyə gəlmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, İXP7245907 nömrəli protokolun və barəsində olan 100 manat məbləğinə cərimə edilmə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs, X7 şikayətini müdafiə edərək bildirmişdir ki, Bayıl istiqamətindən Azneft dairəsinə daxil olarkən sol tərəfində heç bir avtomobil olmamışdır, sonra arxasından bir avtomobil sürəti artıraraq dairəyə daxil olmuş, yalnız bundan sonra həmin avtomobili görmüşdür. Əlavə olaraq, protokol yolayrıcını keçmə qaydalarının pozulması ilə əlaqədar tərtib edilmişdir, lakin hadisə yeri yolayrıcı deyil, Azneft dairəsidir. Cərimə edilməsi ilə bağlı görüntü istəsə də, heç bir görüntü təqdim edilməmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, mümkün deyil ki, Azneft dairəsində ilk öncə nəqliyyat vasitəsi olmasın, daha sonra olsun. “Yol hərəkəti haqqında” qanunun 85.2-ci maddəsinə əsasən əməkdaş yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edə bilər və bu zaman görüntü təqdim etməyə borclu deyildir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin baş inspektoru X1 öz ifadəsində göstərmişdir ki, yolayrıcında nəqliyyat vasitəsi qarşıya getmədiyi halda yolu kəsmək qadağandır, buna görə də, şəxsi saxlamış və barəsində protokol tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 15:06-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr, Azneft dairəsi ərazisində “Kia Sorento minik” markalı **-GA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş səsyazılarına məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X7 “Kia Sorento minik” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının hərəkət qaydalarını pozmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, X7 xx.xx.2025-ci il tarixdə saat 15:06-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr, Azneft dairəsi ərazisində “Kia Sorento minik” markalı **-GA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X7 avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr, Azneft dairəsi ərazisində “Kia Sorento minik” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı qaydalarını pozaraq hərəkətini davam etdirmişdir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar