Məhkəmə qərarları › İş №3(009)-1935/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1935/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1935/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin EPQ ******* saylı 05 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin 05 yanvar 2022-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 05 yanvar 2022-ci il tarixində ona EXP ******* nömrəli protokol tətbiq edilib. O bu protokoldan narazıdır və məhkəmədən protokolun ləğv edilməsini və işə xitam verilməsini xahiş edir. Şikayətçi və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ərizələrini araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 05 yanvar 2022-ci il tarixdə, səhər saatlarında qapalı məkanda tibbi maskadan istifadə etməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin 05 yanvar 2022-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə–fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin EPQ ******* saylı 05 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X3 iştirakı təmin edilməmiş, onun harada, necə və hansı şəraitdə inzibati xəta hadisəsini törətməsi protokol və qərarda öz əksini tapmamış, eyni zamanda fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasının il ərzində təkrar törədilməsi əsaslandırılmamışdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X3 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin 05 yanvar 2022-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin 05 yanvar 2022-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 08-ci Polis Bölməsinin EPQ ******* saylı 05 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar