Məhkəmə qərarları › İş №3(009)-1937/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1937/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1937/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqirəndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 02 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə sahə inspektoru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Ə.Əlizadə küçəsində nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Ə.Əlizadə küçəsində dostları, Quzanov Rəşad və Şükürov Tehran ilə birlikdə “Finnegans pub”ın qarşısında dayanıb zarafat edərkən polis əməkdaşları onlara yaxınlaşaraq səs-küy etdiklərini bildirmiş, onlar isə öz növbəsində zarafat etdiklərini və hər hansı bir davanın olmadığını polis əməkdaşlarına bildirmişlər. X1 polis əməkdaşını kənara çəkərək vəziyyəti izah etməyə başlamışdır. Aradan 10 dəqiqə keçdikdən sonra polis əməkdaşı Quzanov Rəşada yaxınlaşar onunla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdir.Bu zaman Rəşad üst geyimini götürmək istədiyini bildirmiş, oisə “pub”a daxil olaraq üst geyimini axtarmış və tapa bilməyərək çölə çıxmışdır. Bu zaman Rəşadın polisin əməkdaşları ilə olan söhbətlərini sakitləşdirmək məqsədi ilə əli ilə hər ikisini ehtiyatlı şəkildə ayırmağa başlamışdır. Tərəfindən edilmiş hərəkət yalnız yaxşı niyyətdən başqa bir şey olmadığı halda polis əməkdaşlarından birinin bibər qazını gətirməsini və istifadə etməsini söyləmişdir. Bu zaman o buna ehtiyac olmadığını bildirmiş, lakin gözlərinə bibər qazı sıxılmışdır. Bundan sonra bölməyə aparılmışdır. Özünü təqsirli bilməyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində çağırışı 6673 saylı avtopatrulla Ə.Əlizadə küçəsində xidmətdə olarkən üç nəfər şəxsin yüksək səslə bir-biri ilə mübahisə etdiyini aşkar etmiş və onlara irad bildirmiş, ictimai qaydaları pozmamağı tələb etmişlər. Həmin şəxslər öz qanunsuz əməllərinə davam etmiş və polisin qanuni tələblərinə əməl etməmişlər. Həmin şəxslər aidiyyatı üzrə 9-cu Polis Bölməsinə dəvət etdikdə bölməyə getməkdən boyun qaçıraraq həmin üçn nəfərdən ikisi tabesizlik göstərməyə başlamışlar. Həmin şəxslərdən X6 dodaq nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Digər şəxs Şəxs isə onunla birlikdə olan digər polis əməkdaşını boğmağa cəhd göstərmişdir. Onlar xüsusi vasitədən istifadə edərək avtopatrula əyləşdirmək istədikdə Şəxs qaçmağa cəhd göstərmişdir. Daha sonra həmin şəxslər 9-cu Polis Bölməsinə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 02 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səbail rayonu, Ə.Əlizadə küçəsində nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1 və 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 2/30677 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin gün orta dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx xxxx 1983-cü il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Elektron İnformasiya sistemindən çıxarışa əsasən Şəxs himayəsində 2 azyaşlı övladı var. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu şahid ifadəsi və digər iş materialları ilə onun ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis əməkdaşlarına tabesizlik göstərməsi bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin 510-cu maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 02 dekabr 2022-ci il tarixdə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 34, 43, 88, 114, 115, 128.2.1, 130.1, 510 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar