Məhkəmə qərarları › İş №3(009)-1937/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1937/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1937/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, X2, X4 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26773924 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26773924 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X6 2025-ci il 19 mart tarixində Bakı şəhəri, Dəniz Vağzalının qarşısında siqaret almaq üçün avtomobili qısa müddətlik saxlayaraq, sonradan hərəkətə davam etmişdir.. Birinci zolaq avtobuslar üçün nəzərdə tutulmuş olsa da, həmin ərazidə qırıq-qırıq xəttlər mövcud olduğuna görə bu zolaqdan qısa müddətlik istifadə edib dərhal avtomobillər üçün nəzərdə tutulmuş ikinci zolağa keçmişdir. Bu hərəkətə görə İXM-nin 327.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ 26773924 nömrəli elektron qərar ilə cərimələnmişdir. Qərardan dərhal şikayət etmiş və iş Yasamal Rayon Məhkəməsinə, oradan isə Səbail Rayon Məhkəməsinə göndərildi. İşə xx.xx.2025 tarixində baxılmalı idi, lakin YPX nümayəndəsi məhkəməyə gəlmədiyinə görə proses xx.xx.2025 tarixinə təxirə salındı. Həmin tarixdə keçirilmiş iclasda YPX tərəfindən heç bir sübut və video- görüntü təqdim edilmədiyindən, məhkəmə qərarı ləğv edərək iş geri qaytardı. Lakin xx.xx.2025 tarixində eyni qərar yenidən təkrar təsdiq olundu. Nə həmin tarixdə, nə də daha əvvəlki mərhələlərdə şikayətçiyə qarşı sübut xarakterli video-görüntülər və ya obyektiv məlumatlar təqdim edilməmişdir. Bu, qanunvericilikdə nəzərdə tutulan obyektiv və tam araşdırma prinsiplərinin pozulması, sübut təqdim etmə yükünün daşınmaması və təqsirsizlik prezumpsiyasına zidd addımdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətə uyğun izahat verərək, xx.xx.2025-ci il tarixli, EQ 26773924 qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X6 tərəfindən 19 mart 2025-ci il tarixdə saat 17:12 Neftçilər pr. Dəniz Vağzalının qarşısında **-EY-*** dövlət qeydiyyat nişanlı “Lixiang L9 Max Plug-İN Hibrid” minik markalı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X4 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, X4 münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-cı maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26773924 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26773924 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar