Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1938/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 02 dekabr 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X8 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 05:45 radələrində Bakı şəhəri, Azərbaycan prospekti və Əhməd Cavad küçələrinin kəsişməsində xidmət aparan **-YP-*** dövlət qeydiyyat nişanlı X11 İdarəsinin yol-patrul xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, qanuni tələblərinə məhəl qoymadığına görə 9-cu Polis Bölməsinə gətirilmişdir. Bölmədə olarkən uca səslə qışqıraraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə 15-20 dəqiqə növbətçi hissənin iş rejimi qaydalarını pozmuş, həmçinin əsassız yerə “siz görəcəksiniz, sizi işdən çıxartdıracam” kimi ifadələr işlətmişdir. Ona dəfələrlə xəbərdarlıq edilsə də, məhəl qoymadan hərəkətlərinə davam etmişdir. Nalayiq ifadələr işlədərək polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan prospekti və və Ə.Cavad küçələrinin kəsişməsində ad gününü qeyd etdikdən sonra evə getmək üçün taksi sifariş vermişdir və yolun kənarında dayanaraq taksi gözləmişdir. Bu zaman ayaqqabısının bağının açıldığını görmüş və yanında hərəkətdə olmayan yol polisi avtomobilinin təkəri üzərinə ayağını qoyaraq ayaqqabısının bağını bağlamaq istəmişdir. Bu zaman yol-patrul əməkdaşı ona yaxınlaşaraq “yer tapmadın ayağını qoymağa?” deyə bildirmişdir. O isə cavabında ayaqqabının bağının açıldığını, onu bağladığını bildirmişdir. Yol-patrul əməkdaşı post-patrul xidməti çağıracağını bildirmiş, o isə cavabında onu apara bilməyəcəyini bildirmişdir. Daha sonra post-patrul xidməti onu bölməyə aparmışdır. Özünü təqsirli bilmir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən **-YP-*** nömrəli avtopatrulla hərəkətdə olarkən Azərbaycan prospekti və Ə.Cavad küçələrinin kəsişməsində avtomaşınla geriyə dönmə edərkən vətəndaş Şəxs avtomaşının qarşısına keçərək saat 05:45 radələrində onları saxlatdırıb “hara gedirsən?” deyə sual verməyə başlamışdır. Vətəndaşa dəfələrlə kənara çəkilməsini bildirsələr də, o tələblərə məhəl qoymayaraq hərəkətinə davam etmiş, xidməti fəaliyyətlərini yerinə yetirmələrinə mane olmuşdur. O avtomaşından enərək onu kənarlaşdırmağa çalışsa da, o ayağını avtomaşının təkərinə qoyaraq “cəriməsi nədirsə yazın” deyə bildirmişdir. Həmin şəxsin sərxoş olduğu açıq aşkar görünürdü. Şəxs dəfələrlə qanuni tələblərə məhəl qoymadığından post-patrul xidmətinə məlumat verilmiş və həmin şəxs bölməyə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X6 eyni məzmunlu izahat verərək X1 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında videogörüntülərə baxılarkən müəyyən olunmuşdur ki, Şəxs polis bölməsində olarkən səs-küy salaraq növbətçi hissənin iş rejimini pozmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, videogörüntülərə baxaraq və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 02 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs YPX əməkdaşlarına tabesizlik göstərmiş, bölmənin inzibati binasında səs-küy salaraq nalayiq ifadələr işlədib növbətçi hissənin iş rejimini pozmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 2/30710 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin gün orta dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx.xx.1983ci il təvəllüdlü Şəxs 02 dekabr 2022-ci il tarixdə saat 05:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Elektron İnformasiya Sistemindən çıxarışa əsasən Şəxs himayəsində bir azyaşlı övladı var.-xx.xx.2016-cı il təvəllüdlü X3. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu şahid ifadələri, videogörüntü və digər iş materialları ilə onun xx.xx.2022-ci il tarixdə saat 05:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti və Əhməd Cavad küçələrinin kəsişməsində spirtli içkinin təsiri altında polisin qanuni tələblərinə tabe olmaması, bölmənin inzibati binasında səs-küy salaraq növbətçi hissənin iş rejimini pozması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin 510-cu maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində bir azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 34.3, 43, 88, 114, 115, 128.2.1, 130.1, 510 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 02 dekabr 2022-ci il tarixdən saat 05:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1938/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1938/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver