Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1940/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İcra məmuru Tohid Nurlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, onun vəkili X3 Zərərçəkən şəxs X5 iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlu tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 16(009)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 16(009)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından üzrsüz səbəbdən yayındığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən və icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 16(009)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X6 ünsiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar xx.xx.2016-cı il təvəllüdlü X7 ilə 2(009)-1745/2023 saylı mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək görüşməsi üçün şərait yaradılmalıdır.İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu X2 şöbəyə dəvət edilmiş və xx.xx.2023-cü il tarixdə borclu şöbədə olarkən ondan izahat alınmış, o, verdiyi izahatında icra sənədindən xəbərdar olduğunu bildirmiş və tələbkara uşaqla görüş üçün yalnız evində müşahidə kameraları altında lazımi şərait yaradılacağını və buna etiraz etmədiyini qeyd etmişdir. Tələbkar isə öz növbəsində xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, borclunun icra sənədi üzrə tələbi təmin etmədiyini uşaqla ünsiyyətə mane olduğunu bildirmişdir. Həmçinin borclunun evində uşaqla ünsiyyətin keçirilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu X4 tələbkarla uşağın görüşməsinə yalnız onun evində həyata keçirilməsini bildirdiyindən bununla da, qərarın icrasına maneçilik törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü ona verilmiş maddə ilə təqsirli bilməyərək göstərmişdir ki, tələbkara uşaqla görüşə mane olmamışdır, əksinə əvvəllər də uşaqlarla sərbəst ünsiyyətinə şərait yaratmış, lakin A.Əliyev qız uşağını götürüb qaçmış, uzun müddət uşağın geri qaytarılması barədə məhkəmə araşdırılması getmişdir. Uşaq ona qaytarılmıışdır. Ona görə də hazırda ehtimal edir ki, Asif uşaqla müstəqil və sərbəst görüşərsə yenə də ona qaçıracaq. Bu səbəbdən görüşün onun yanında həyata keçirilməsini istəyir. Məhkəmədən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs – icra sənədi üzrə tələbkar X9 göstərmişdir ki, borclu icra sənədi üzrə tələbi təmin etmir uşaqla ünsiyyətə mane olur. Belə ki, o, uşağı ilə sərbəst heç kimin iştirakı olmadan görüşmək istəyir. Uşaq ona bağlıdır. Uşağı o böyütmüşdür. Əvvəllər uşağı aparmasını onunla izah edir ki, anası 4 ay uşağı ona göstərməmişdir. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir.. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 16(009)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X6 ünsiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar xx.xx.2016-cı il təvəllüdlü X7 ilə 2(009)- 1745/2023 saylı mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək görüşməsi üçün şərait yaradılması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunur ki, barəsində inzibati protokol tərtib olunmuş şəxs həmçinin üzürsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Əksinə icra sənədi üzrə borclu tərəfindən ünsiyyət hüququnun həyata keçirilməməsi ilə əlaqədar hər hansı bir maneənin olmaması göstərilmiş, tərəflər arasında yalnız uşaqla görüş yerini təyin edilməsi ilə bağlı mübahisə yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, X1 əməlində məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi təzahür edən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar tərəflər arasında yaranmış fikir ayrılığının aradan qaldırılması məqsədilə, işin faktiki halları nəzərə alınmaqla uşaqla görüşün yeri, hansı şəraitdə keçirilməsi, görüşdə iştirak edən şəxslərin dairəsinin hansı qaydada müəyyən edilməsinə aydınlıq gətirilməsi üçün icra məmuru qərarı qəbul etmiş hakimə icra sənədinin icrası ilə bağlı izah verilməsi üçün müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclu X1 icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1940/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1940/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver