Məhkəmə qərarları › İş №3(009)-1942/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1942/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1942/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 və tərcüməçi Paşazadə Pərvin Kamandar oğlunun iştirakları ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı 16.07.2021-ci il tarixli qərarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı 16.07.2021-ci il tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, “BMW 525i” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı 16 iyul 2021-ci il tarixdə saat 10:11 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsində dayanarkən BNA tərəfindən yolda quraşdırılmış kamera vasitəsi ilə İXM-nin 346.1-ci Dayanma və ya durma qaydalarını pozma maddəsi ilə BNA ******* saylı protokol və tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 17 iyul 2021-ci il tarixində Asanpay vasitəsi ilə elektron qaydada sübütları gətirmiş və qərarın əsassız olduğu üçün şikayət bildirmişdir. Buna baxmayaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələblərində müəyyən edilmiş müddəti keçdikdə heç bir cavab gəlməmişdir. BNA ilə məlumat saxlanmış v məlumat olaraq bildirilmişdir ki. Asanpay sistemi ilə inteqrasiya problemi mövcud olduğu üçün şikayət ona yenidən olaraq onların elektron ünvanına göndərilməsi zərurəti yaranmışdır. 06.09.2021-ci il tarixdə yenidən şikayət bildirilmişdir. 16.09.2021-ci il tarixdə X2 elektron ünvanına cavab gəlmiş və göstərilən sübütlara nəzərsiz baxılaraq müraciət təmin edilməmişdir. BNA tərəfindən verilmiş məktubunda X2 nəqliyyat vasitəsinin Ü.Hacıbəyov küçəsində 3.27 “Dayanmaq qadağandır” yol nişanının təsir zonasında saxlanılaraq kimi istinad edilmişdir. Lakin avtomobil saxlanıldığı yerdə 3.27 “Dayanmaq qadağandır” yox 5.15 “Duracaq yeri” yol nişanının təsir zonasının yol hissəsində saxlanılmışdır. BNA tərəfindən çəkilmiş foto materiallarla nəqliyyat vasitəsi 3.27 “Dayanmaq qadağandır” yol nişanının təsir zonasında olduğu sübüt edilmir. Həmin yolun hissəsində quraşdırılmış 5.15 “Duracaq yeri” yol nişanının altında 7.6.1 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” da nişan quraşdırılmışdır. Həmin yolun hissəsində yaradılmış yol ciblərinin daxilində 7.6.1 nişanında göstərilmiş üsulu ilə duracağa icazə verildiyini qeyd etmişdir. X3 avtomobilinin saxlanıldığı üsülü 7.6.1 tələblərinə cavab verməyərək İXM-də 346-1.2 maddəsi ilə “Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə”- 10 manat məbləğində cərimə edilməli olduğunu qeyd etmişdir. BNA tərəfindən cavablandırılan şikayət nəzərsiz, 30 sentyabr 2015-ci il tarixli 1308-İVQ nömrəli qanununun 10-cu maddəsinin müraciətlərə müəyyən edilmiş müddətdə mahiyyəti üzrə baxılması və onların cavablandırılması tələblərini pozaraq cavablandırıldığını bildirərək, BNA tərəfindən çıxarılmış 16.07.2021-ci il tarixli BNA ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, sayılmış dəbbə pulun silinməsini və inzibari xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək, BNA ******* saylı inzibati xəta haqqında protokola dair 16.07.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X7, yazılı etirazı təqdim edərək şikayətin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Etiraz onunla əsaslandırmışdır ki, X3 tərəfindən verilmiş şikayətin əsassız və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 16 iyul 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. X2 idarə etdiyi “BMW” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin 16 iyul 2021-ci il tarixdə saat 10:11:49-ə qədər Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində 3.27 nişanının (“Dayanmaq qadağandır”) təsir dairəsində saxlamışdır. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən, dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Bakı Nəqliyyat Agentliyinin 16 iyul 2021ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarların mövcud qanunveriliciyin tələblərinə uyğun qəbul edildiyini nəzərə alaraq, X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı 16.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarında olan 16.07.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, eyni zamanda məsələyə dair mütəxəssis rəyi alınmaqla X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə, Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X2 şikayət ərizəsi qismən təmin olunmalı, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı 16.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı 16.07.2021-ci il tarixli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar