Məhkəmə qərarları › İş №3(009)-1951/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1951/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1951/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, elektron qaydada tərtib edilmiş protokolda inzibati xəta muşahidə olunur, lakin inzibati xətanın hansı tarixdə və vaxtda qeydə alınması bilinmir. Elektron qaydada tərtib olunmuş xx.xx.2025-cü il tarixli, EQ 28964136 saylı protokolun foto görüntülərinin üzərində vaxt və tarix qeyd olunmayıb. Xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətanın foto və video görüntüsünün üzərində saat və tarix xüsusilə göstərilməlidir. O barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, o qərarda göstərilən fotonun çəkildiyi yoldan 10 ildir mütəmadi istifadə edir, onun nə vaxt, hansı şəraitdə və necə çəkilməsi barədə heç bir məlumatı yoxdur. Lakin qərarda göstərilən foto görüntüdə vaxt və tarix qeyd edilməyib və tərtib olunan inzibati xətanın nə vaxt törədilməsi və nə vaxt elektron kabinetə yerləşdirilməsi məlum olmadığından inzibati xəta tərkibi yoxdur. Tərtib olunmuş protokolda qeydlər bölməsi varki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin köməyi ilə tərtib olunmuş protokolda həmin qeyd bölməsində inzibati xətəanın aşkar edilməsində hansı xüsusi texniki vasitənin köməyi ilə aşkar olunması və həmin texniki vasitənin nə vaxt yoxlamadan keçməsi barədə məlumatlar öz əksini tapmalıdır. Amma hazırkı, protokolda bu barədə məlumatlar öz əksini tapmamışdır. Qeyd olunan normaların məzmunundan görünür ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün əməl qorunan ictimai münasibətlərə qəsd etməli, hüquqazidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmçinin inzibati məsuliyyətə cəlb edilə bilməyi üçün onun inzibati xətaya yol verməyi tələb olunur. Lakin sadalananların əksinə, əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək real vaxt rejiminin düzgün tətbiq olunmadığını qeyd edərək. Real vaxt rejiminin məcəllədə öz əksini tapdığını, şəkillərin aşağısında tarix saat göstərilməli olduğunu, barəsində tərtib olunan protokola aid şəkillərdə şəkillərin əlavə olunduğunu və orada vaxt və saat qeyd olunmadığını, şəkillər düzgün istiqamətdən çəkilmədiyini bildirərək xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək X2 yol hərəkəti qaydaları ilə bağlı tələbi pozduğuna görə barəsində protokol tərtib olunduğunu, qeyd edilən real vaxt rejiminin düzgün qeyd edildiyini, qərardakı bütün məlumatların sistem vasitəsilə əlavə olunduğunu bildirərək, X2 verdiyi şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 14:11-də Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 159 ərazisində “LEXUS RX330 Minik” markalı 90HY870 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki məhkəmə iclasında şikayət vermiş şəxsin səsləndirdiyi fikirlər və məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş qərara əlavə edilmiş fotoşəkillər əsasında müəyyən edilir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan xx.xx.2025-ci il tarixdə saat 14:11-də törədilən inzibati xətanı əks etdirən görüntülərin real vaxt rejimində çəkilməsi şübhə doğurur. Beləki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş inzibati xəta hadisəni əks etdirən foto-görüntülərdə həmin görüntülərin real vaxt rejimində çəkilməsi ilə bağlı vaxtı və tarixi foto-görüntülərin üzərində əks olunmur. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta hadisəsinin başqa görüntülərinin olub-olmaması araşdırıldıqda nümayəndə qərara əlavə edilmiş fotogörüntüdən başqa görüntünün olmadığını bildirdi. Qanunvericiliyin tələbi baxımından məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərara əlavə edilən foto görüntülərin sübut kimi qəbul edilməsi üçün onun real vaxt və saatda çəkilməsi sübuta yetirilməlidir. Real vaxt rejimi yalnız texniki termin deyil, hüquqi kontekstdə o deməkdir ki, görüntü hadisə baş verdiyi anda və fasiləsiz ötürülərək çəkilib.Belə olan halda fotoşəkilin real vaxt rejimində çəkildiyini təsdiqləmək üçün üzərində dəqiq vaxt və saat göstəricisinin olması zəruridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 saylı inzibati tənbeh vermə haqqında qərarda xüsusi texniki vasitələrin göstəriciləri qeyd edilməmişdir.(xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer). Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən natamam araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28964136 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri gözlənilməmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28964136 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28964136 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28964136 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar