Məhkəmə qərarları › İş №3(009)-1952/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1952/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1952/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Şikayət vermiş şəxs “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X5 nümayəndəsi Nümayəndə3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-5/1-A-28155/2025 saylı qərarının ləğv edilməsinə dair “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X9 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 23 aprel 2025-ci il tarixli, 3-17-5/1-A-28155/2025 nömrəli qərarını ləğv edərək, əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işçi X4 (bundan sonra "İşçi") "X8 of Absheron Petroleum B.V." şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra “İşəgötürən") tərəfindən onun əmək hüquqlarının pozulması barədə (əmək müqaviləsinə xitam verilməsi barədə əmrin geri tarixlə rəsmiləşdirilməsi) şikayət ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə (bundan sonra "İdarə") müraciət etmişdir. İşçi İdarəyə müraciət etməzdən öncə eyni predmetli iddia ərizəsi ilə 08 yanvar 2025-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (bundan sonra "Məhkəmə") müraciət etmiş və ona məlumat verilmədən İşəgötürən tərəfindən keçmiş tarixlə əmək müqaviləsini xitam edən 05 iyun 2024-cü il tarixli HR/0475Ə24 nömrəli əmrin (bundan sonra "əmr”) ləğv edilməsini xahiş etmişdir. Lakin Məhkəmənin 13 fevral 2025-ci il tarixli Qətnaməsi ilə (bundan sonra "Qətnamə") İşçinin iddiası təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin 20 may 2025-ci il tarixli Qətnaməsi (bundan sonra "Qətnamə 1") ilə iddia yenidən rədd edilmişdir İşçinin əmək hüquqlarının pozulması barədə müraciətinə İdarədə baxılarkən tərəfimdən bütün sübutlar və məhkəmə Qətnamələri təqdim olunmasına baxmayaraq, həmin sübutlar nəzərə alınmamışdır və onlara düzgün hüquqi qiymət verilməmişdir. Nəticədə, 23 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərar ilə İşəgötürənin vəzifəli şəxsi olduğuna görə barəsində əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-сı maddəsinə əsasən şərti olaraq 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. İşçi və İşəgötürən arasında 22 iyul 2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və X12 çərçivəsində karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə strateji əhəmiyyətli layihələrə cəlb edilmişdir; İşçi 13 mart - 26 aprel 2024-cü il tarixlərində ödənişli əmək məzuniyyətinə getmiş, məzuniyyətdən qayıtma tarixi, yəni, ilk iş günü 29 aprel 2024-cü il olaraq müəyyən edilmişdir; 23 aprel 2024-cü il tarixində İşçi şəxsi elektron poçtu vasitəsi ilə İşəgötürənə yazaraq səhhəti ilə əlaqədar 180 gün (6 ay) müddətində (29 aprel - 30 sentyabr 2024-сü ödənişsiz məzuniyyətə çıxması arzusunu bildirmiş, lakin xəstə olması barədə heç bir sübut təqdim etməmişdir (elektron yazışmaların surəti əlavə olunur); il) İşəgötürən İşçiyə dərhal (26 aprel 2024-cü il tarixində) cavab yazaraq istehsalat zərurəti ilə əlaqədar 180 gün müddətində ödənişsiz məzuniyyətin verilməsindən imtina etmiş və xəstəliyi təsdiq edən sənədlərin təqdim edilməsini xahiş etmiş, lakin İşçidən heç bir xəbər və ya cavab gəlməmişdir; 31 may 2024-cü il tarixində İşəgötürən yenidən İşçiyə elektron məktub göndərərək xəstəliyi sübut edən sənədlər təqdim edilmədiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə yazılı surətdə onu xəbərdar etmişdir; İşəgötürən son olaraq İşçi tərəfindən heç bir sübut təqdim edilmədiyinə görə 05 iyun 2024- cü il tarixində İşçinin əmək müqaviləsinə xitam vermiş, xitam əmrinin surətini həmin gün İşçiyə göndərmiş və xitamla bağlı son haqq-hesabı apararaq 10 iyun 2024-cü il tarixində müvafiq ödənişi etmişdir. Beləliklə, İşçi 29 aprel 2024-cü il tarixində işə çıxmalı olduğu halda əsassız olaraq işə çıxmamış, İşəgötürən həftələrlə davam edən yazışmalar zamanı İşçini işdən çıxarmağı arzu etməmiş və yekunda heç bir sübut təqdim edilmədiyindən müqaviləyə 05 iyun 2024-cü il tarixində xitam vermək məcburiyyətində qalmışdır. Bununla da, əmək müqaviləsinə xitam verilən zaman əmrdə İşçinin işə çıxmalı olduğu 29 aprel 2024-cü il tarixi son iş günü qeyd edilmiş və xitam əmrinin surəti əmrin verildiyi gün İşçiyə təqdim edilmişdir. İşçi 29 aprel 2024-cü ildən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə 05 iyun 2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, onun əmək müqaviləsinə xitam verilmişdir. Əmrin tarixi 05 iyun 2024-cü il olmaqla, əmək müqaviləsinə xitam verilmə tarixinin də 05 iyun 2024-cü il olduğu əmrdə aydın şəkildə qeyd edilmişdir. Buna baxmayaraq, Müfəttişlik əmrdə qeyd edilən "İşçinin iş növbəsinə başlayacağı güman edilən gün, yəni 29 aprel 2024-cü il tarixi onun son iş günü hesab edilsin." cümləni yalnız ayrılıqda (xitam tarixi ilə bağlı yuxarıda qeyd edilən məlumatları nəzərə almadan) hərfi olaraq şərh edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, əmrdə qeyd edilən məlumatlar birlikdə şərh edildikdə birmənalı şəkildə aydın olur ki, işçinin son iş gününün 29 aprel olaraq qeyd edilməsi yalnız haqq-hesab (mühasibatlıq) məqsədlərinə xidmət etməklə, işçiyə əmək haqqı ödənilməli olan son iş gününü nəzərdə tutur. İşəgötürənin niyyəti əmrin geri tarixlə rəsmiləşdirilməsi olsaydı, əmrdə xitam tarixinin 05 iyun 2025 olması barədə qeyd əks olunmazdı. Odur ki, Müfəttişlik əmri düzgün şərh etməmişdir və əmrin geri tarixlə rəsmiləşdirilməsi barədə inzibati cərimənin tətbiq olunması əsası mövcud deyildir. İddiaçı tərəfindən inzibati məsuliyyətə səbəb olan əməl (yəni, İXM 192.6-cı maddəsində qeyd olunan işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) törədilməmişdir və bu fakt Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Qətnamələrində sübuta yetirilmişdir, sözügedən məsələdə İddiaçının hərəkətində inzibati xəta hadisəsi olmadığına görə müvafiq şikayət üzrə icraata xitam verilməlidir. Odur ki, X6 Xidmətinin 12 iyun 2025-ci il tarixli, 3-17-5/1-A-28155/2025 nömrəli Qərarı ləğv edilməsini və barəsində İnzibati Xətalar Мəcəlləsinin 192.6-cı maddəsi üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-A-28155/2025 saylı qərarının əsaslı olduğunu və onun qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X10 nümayəndəsi Nümayəndə3 şikayətin təmin edilməsini inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan 12 iyun 2025-ci il tarixli qərardan və iş materiallarından görünür ki, “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X5 barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, HR/0475/24 nömrəli əmrə əsasən işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, işçinin son iş günü tarixi xx.xx.2024-cü il tarixi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X10 barəsində 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işçinin son iş günü tarixi xx.xx.2024-cü il tarixi olmasına baxmayaraq, onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bunun əksini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X9 X6 Xidmətinin 12 iyun 2025-ci il tarixli, 3-17-5/1-A-28155/2025 nömrəli Qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X8 of Absheron Petroleum B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının icraçı direktoru X9 X6 Xidmətinin 12 iyun 2025-ci il tarixli, 3-17-5/1-A-28155/2025 nömrəli Qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar