Məhkəmə qərarları › İş №3(009)-1956/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1956/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1956/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən tərtib edilmiş 28 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayonu, sahə 20 dairəsinin sağ tərəfi köşkdə xx.xx.2025-ci il tarixdə, saat 17:40-da keçirilmiş OVN zamanı vergi ödəyicisinə məxsus köşkdə 120 ədəd 397 AZN dəyərində tütün məlumatlarının satış məqsədi ilə nağd qaydada alınmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********6082 nömrəli qərardan görünür ki, 28.07-xx.xx.2025-ci il tarixlərində Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutumuşdur. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində cari fəaliyyət dövründə operativ vergi nəzarəti növündə plandankənar yoxlama keçirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin markalanmalı malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan görünür ki, 120 ədəd, 397 azn dəyərində aksiz markalı və markasız tütün məmulatları aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsinə əsasən pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədləri üçün nağd qaydada alınması az miqdarda törədildikdə -vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 449-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar